Bu gün Ümumdünya Poliomielitlə Mübarizə Günüdür
İnsanların sinir sistemini zədələyən, iflicə, parezlərə və əzələ toxumalarının atrofiyasına səbəb olan, ölüm və ya əlilliklə nəticələnə bilən ən ağır virus xəstəliklərindən birinin profilaktikasına hər il oktyabrın 24-də qeyd olunan Ümumdünya Poliomielitlə Mübarizə Günü həsr olunub.
AZƏRTAC xəbər verir ki, istənilən yaşda inkişaf edə bilən, lakin əsasən 5 yaşadək uşaqlara təsir edən həmin xəstəlik uzun müddət dünyanın bir çox ölkəsində valideynlər üçün əsl kabus olub. Xəstəliyə qarşı peyvənd 1950-ci illərdə meydana gəlib. Peyvəndlər amerikalı virusoloq və epidemioloqlar Hilari Koprovski, Conas Edvard Solk və Albert Seybin tərəfindən sovet virusoloq və epidemioloqları M.P. Çumakov və A.A. Smorodintsevlə sıx əməkdaşlıq şəraitində hazırlanıb.
İlk olaraq, 1950-ci ildə Hilari Koprovski poliomielit virusunun zəiflədilmiş (attenuasiya olunmuş) formasına əsaslanan peyvənd yaradıb. Daha sonra 1950-ci illərin ortalarında, Koprovskinin kəşfindən bir neçə il sonra Conas Edvard Solk inaktivləşdirilmiş peyvənd hazırlayıb. Ardınca Albert Seybin poliomielit virusunun zəiflədilmiş formalarını əldə etməyə nail olub. Həmin viruslar əsasında o, ABŞ-də, M.P.Çumakov və A.A.Smorodintsev isə SSRİ-də ağızdan qəbul edilən peyvəndlər hazırlayıblar.
Uşaqların peyvəndlənməsinə başlanılması xəstələnmə hallarının təxminən 99 faiz azalmasına səbəb olub. Hazırda əksər inkişaf etmiş ölkələrdə poliomielitlə mübarizə məqsədilə uşaqların inaktivləşdirilmiş və oral peyvəndlərlə kompleks şəkildə vaksinasiyası həyata keçirilir.
Ümumdünya Poliomielitlə Mübarizə Gününün tarixi inaktivləşdirilmiş poliomielit peyvəndini yaradan amerikalı alim Conas Edvard Solkun doğum günü ilə əlaqədardır.
Uşaqların kompleks peyvəndlənməsinin uğurlu nəticələri 1988-ci ildə Poliomielitin Ləğvi üzrə Qlobal Təşəbbüsün yaradılmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında fəaliyyət göstərən könüllü həkimlər peyvəndləri dünyanın ən ucqar bölgələrinə çatdırır və uşaqları bu təhlükəli xəstəlikdən qorumaq üçün vaksinasiya aparırlar.
Hər il oktyabrın 24-də ÜST-nin iştirakı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) dəstəyi ilə tibb müəssisələri və ictimai təşkilatlar Ümumdünya Poliomielitlə Mübarizə Gününə həsr olunmuş profilaktik və maarifləndirici tədbirlər keçirirlər. Simpoziumların və mühazirələrin təşkili, əyani maarifləndirici materialların paylanması, eləcə də dünya ictimaiyyətinə poliomielit virusunun mövcudluğunu və həmin xəstəliyin törətdiyi fəsadları unutmamaq çağırışının edilməsi günün əsas məqsədlərindəndir. Bununla yanaşı, uşaqların planlı peyvəndlənməsi də mühüm əhəmiyyət daşıyır. Dövlət səhiyyə orqanları bu prosesə ciddi yanaşmalıdırlar.
Həkimləri xüsusilə narahat edən məqamlardan biri valideynlərin uşaqlarını peyvənd etdirməkdən getdikcə daha çox imtina etməsidir. Halbuki poliomielitə qarşı spesifik müalicə preparatları mövcud deyil və peyvəndlənmə xəstəliyin qarşısını almağa imkan verir.
Bu gündə ən xoş sözlər, şübhəsiz ki, poliomielitin hələ də tam nəzarət altına alınmadığı ölkələrdə və əlçatmaz bölgələrdə peyvəndləmə aparan tibb işçilərinə ünvanlanır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре