Uğursuz Daşaltı əməliyyatı tarixdə qaldı

Bir gecədə 90 nəfərdən çox azərbaycanlı hərbçinin şəhid olduğu Daşaltı əməliyyatından 29 il ötür. Bu hərbi əməliyyata 1992-ci ilin yanvarın 25-i axşam saatlarında başlanıb. Daşaltı əməliyyatında Azərbaycan Ordusunun könüllərdən ibarət 3 bölüyü və Şuşa müdafiə taborunun döyüşçüləri iştirak edib.

Daşaltı kəndinin azad edilməsi üçün planlaşdırılan əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü şəxsən rəhbərlik edib. Taktiki səhvlər, könüllülərdən ibarət bölüklər arasında əlaqənin olmaması və eyni zamanda qruplara öncüllük edən bələdçilərin xəyanəti nəticəsində Daşaltı əməliyyatı Azərbaycan Ordusunun ən uğursuz hərbi əməliyyat kimi tarixə yazıldı.

Həmin gecə Daşaltı kəndinə girən azərbaycanlılardan ibarət tağımlar pusquya düşərək böyük itkilər verdi. Təkcə 70 nəfərdən çox hərbçinin öldüyü hərbi əməliyyatda onlarla yaralı və itkin düşənlər də olub. Döyüşdə ermənilər də itki verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, 1992-ci il əməliyyatında iştirak edən keçmiş döyüşçülər işğalından 29 il sonra Daşaltı kəndinə gedərək Ali Baş Komandanın rəhbərliyi və hazırladığı döyüş əməliyyatı planı ilə kəndi düşmən işğalından azad edən qalib azərbaycan Ordusunun hərbçiləri ilə görüşüblər. Keçmiş döyüşçülər şəhid dostlarının qisasını alan müzəffər Ordunun hərbçilərinə sonsuz təşəkkürlərini bildiriblər.