Şəhidlərimiz Qədim Xəlilov və Cavidan Bədəlovun ailələri ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 12-14 sentyabr tarixlərində düşmənin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Qədim Xəlilovun və Cavidan Bədəlovun İsmayıllı rayonunda yaşayan ailələrini ziyarət edib.

Nazirlikdən Day.Az-а verilən məlumata görə, Qədim Xəlilov düşmən tərəfindən törədilən təxribatın qarşısını alarkən Kəlbəcər və Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.

Daşkəsən istiqamətində gedən döyüşlərdə şəhid olan Cavidan Bədəlov isə 44 günlük Vətən müharibəsində də iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Azərbaycan Ordusunun 100 illiyi", "Vətən müharibəsi iştirakçısı" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Agentlik sədri hər iki ailənin sosial vəziyyəti ilə maraqlanıb, onlara dəstək tədbirlərinin göstərilməsi üçün artıq işlərə başlandığını bildirib.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirləri həyata keçirilir. Bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.