Prezident İlham Əliyevin rəhbərliyi ilə son 500 illik tariximizdə misli görünməyən Zəfər qazandıq

Bu gün tanınmış akademik, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Baş direktoru Vaqif Abbasovun 70 yaşı tamam olur.

Day.Az xəbər verir ki, Trend TV-nin çəkiliş qrupu bu münasibətlə akademiklə görüşüb, geniş müsahibə alıb. Vaqif Abbasovla söhbət zamanı neft və kimya sənayesinin inkişafı, Neft-Kimya Prosesləri İnstitutunun fəaliyyəti, elm və təhsil sahəsinə verilən əvəzsiz töhfələr, ölkəmizdə baş verən ictimai-siyasi proseslər, iqtisadi yüksəliş, tarixi Qarabağ Zəfəri, dövlətimizin güclənməsi və qüdrətlənməsi, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyada söz sahibi, əvəzedilməz tərəfdaş olması və digər məsələlər müzakirə edilib.

Akademik lik öncə bildirib ki, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu Azərbaycan elminin ən qocaman institutudur. İnstitutun 93 yaşı var və bu institutun bütün uğurları dahi Yusif Məmmədəliyevin adı ilə bağlıdır. O bildirib ki, İnstitutda kimyanın bütün istiqamətləri üzrə tədqiqatlar aparılır.

"II Dünya müharibəsində sovet hökumətinin qalibiyyətində Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı komponentin əvəzsiz xidmətləri var. "Molotov kokteyli", Yuri Qaqarini kosmosa qaldıran raketin yanacağı bizim institutda yaradılıb", - deyə o əlavə edib.

Vaqif Abbasov əlavə edib ki, Ermənstanın suveren Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə 54 min hektar meşə sahəsi məhv olub. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu meşələrin sürətli bərpası üçün bitkilərin boy stimullaşdırıcılarının yaradılması sahəsində işlər aparılır və bu isitqamətdə geniş sınaqlar keçirilib.

"Hətta bu sınaqların bir çoxu Qarabağda keçirilib. Biz azad olunmuş ərazilərdə meşələrin sürətli bərpasını təmin etməyə hazırıq. Digər tərəfdən azad olunmuş ərazilərdə aqrar sektorun sürətli inkişafını təmin etməyə hazırıq", - deyə o qeyd edib.

Akademik xüsusi vurğulayıb ki, Azərbaycan tarixən neft emalı, kimya ölkəsi olub. Bu gün dünyanın çox ciddi enerji böhranı yaşadığı bir dövrdə Azərbaycan Avropanın və digər ölkələrin enerji təminatında uğurla iştirak edir.

"Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş doğru, düzgün neft siyasəti, iqtisadi siyasət imkan verir ki, biz söz sahibi olaq. Eyni zamanda, Azərbaycanın bugünki uğurları Prezident İlham Əliyevin böyük fədakarlığı, uzaqgörənliyi, müdrik siyasəti nəticəsində mümkün olub", - deyə o bildirib.

Vaqif Abbasov bildirib ki, Azərbaycan dövləti hər zaman elmin inkişafına böyük önəm verib: "Əlbəttə ki, bizdən də çox şey asılıdır, biz də daha fəal işləməliyik. Mənim bütün həyatım təhsil, elm ilə paralel olub. Mənim müəllifliyim ilə 97 kitab yazılıb və bu kitabların əksəriyyəti dərs vəsaitləri, monoqrafiyalar olub və bu gün də istifadə olunur".

Azərbaycanın tarixi Qarabağ Zəfərinə məxsusi toxunan akademik qeyd edib ki, 44 günlük Vətən Müharibəsi zamanı qazanılan Qələbə hər birimizin fəxr və qürur duyacağı tarixi hadisədir: "Azərbaycan qalib dövlətdir. Qarabağ Zəfəri son 500 illik tariximizdə misli bərabəri olmayan qələbədir. Azərbaycan xalqı nəyə qadir olduğunu bir daha göstərdi. Bütün bunlar onu göstərir ki, xalq bir olanda Zəfər qaçılmaz olur. Bizim çox hörmətli Prezidentimizin bu tarixi zəfərini xalqımız heç zaman unutmayacaq. Prezident İlham Əliyev kimi şəxsiyyətlər tarixdə az-az yetişir. Azərbaycan xalqı şanslı xalqdır. Çünki, onun İlham Əliyev kimi lideri var".

Akademik Vaqif Aabbasov həmçinin əlavə edib ki, bu gün ölkəmizin bütün sahələrində ciddi uğurlar əldə edilib: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da mədəniyyətmizin, səhiyyəmizin, elm və təhsilimizin inkişafında müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin təbliğinə böyük dəstək göstərir və ölkəmiz bu sahədə də dünyada tanınır".

Akademik Vaqif Abbasovla müsahibənin geniş videovariantını təqdim edirik.