Münasibətlərin gərginləşməsində məsuliyyət İran rəhbərliyinin üzərinə düşür

Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsində məsuliyyət İran siyasi rəhbərliyinin üzrəində düşür.

Day.Az xəbər verir ki, bunu Trend-ə politoloq Elşad Həsənov deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə də, müharibədən sonrakı dövrdə də, Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında qaldığı dövrdə də İran daim Ermənistanın yanında oldu, ona dəstək verdi.

"İran Ermənistana həm hərbi, siyasi, həm də maddi dəstək oldu. Xüsusilə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra İranın bizə qarşı siyasəti tamam dəyişdi və bizə qarşı geniş təxribat, pozuçuluq işləri aparmağa başladılar. İranın "Ermənistanın sərhədlərinin dəyişdirilməsi İranın qırmızı xəttidir, Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir kimi ritorikaları" heç cür anlaşılan olmadı. Tələm tələsik Qafanda konsulluq açılması və digər məsələlər Azərbaycana qarşı hərəkətlər idi.

İranın bizim sərhədlərimizdə Araz boyu iki dəfə hərbi təlimlər keçirməsi heç cür başa düşülən olmadı. Bu gücü kimə nümayiş etdirirdi?! Təbii ki, Azərbaycana və biz bunu başa düşürük. Azərbaycan dövləti də müharibədən əvvəlki Azərbaycan deyil. Azərbaycan hazırda həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən güclü bir dövlətdir və biz gücümüzü Vətən müharibəsi zamanı göstərdik, yeni hərbi taktika tətbiq etdik və bütün dünya da bunu qəbul etdi", - deyə E.Həsənov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan İrana adekvat cavab verməyə çalışdı.

"Azərbaycan diplimatik yolla başa salmağa çalışdı ki, İran həddini aşmağa çalışmasın. Biz İrandan qorxmuruq, çəkinmirik, ancaq Azərbaycan dövlətinin siyasəti qonşularla xoş qonşuluq siyasətini davam etdirməkdir", - deyə E.Həsənov bildirib.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirdiyi fikirlər İranda yaşayan 30 milyondan çox azərbaycanlılara da bir mesajdır, onlara dəstəkdir.

"Çünki orada yaşayan azərbaycanlılar uzun illərdir İranın fars-molla rejminin təzyiqlərinə dözürlər, ancaq artıq dözmək istəmirilər. İranda azərbaycan dilində bir dənə də məktəb yoxdur, halbuki azlıqda olan ermənilərin həm orta məktəbləri, həm ali məktəbləri var. Ancaq fars rejimi 30 milyondan artıq azərbaycanlını assimlasiya edib ana dillərini farslaşdırmaq istəyir. Ancaq azərbaycanlılar öz taleyinə biganə deyil, öz ana dillərini qoruyub saxlayırlar. Cənab Prezident İlham Əliyev vurğuladı ki, biz İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik. Prezident öz çıxında İranın azərbaycanlılara qarşı siyasətinin dəyişməsinin vacibliyini bildirdi. Bu fikirlər zamanında və yerində deyilən fikirlərdir", - deyə o əlavə edib.