Bu günədək 642 itkin düşmüş şəxsə aid meyit qalığı ekshumasiya edilib

Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilmişdir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

DTX rəisi bildirib ki, hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır.

"Onlardan 131-nin eyniləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilmişdir. Həmin Mərkəz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılmışdır", - deyə Ə. Nağıyev qeyd edib.