Avropa Parlamentinin deputatları özünü ermənipərəst göstərmək üçün yarışa çıxıblar

Avropa Parlamentinin bu həftə ərzində keçirilən sessiyasında ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası davam edir. Avropa Parlamentinin deputatları sanki bir-biri ilə yarışa çıxıblar ki, kim daha çox özünü erməni mövqeyindən göstərəcək və kim daha çox Azərbaycana qarşı qarayaxma kampaniyasında fəal olacaq.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

"İlk növbədə, müzakirələrdə səsləndirilən fikirlərdən biz xüsusilə COP29 sessiyasına qarşı olan açıqlamaları, təzyiqləri və yersiz bəyanatları qeyd etməliyik. Belə ki, çıxış edənlərin hər birinin COP29 sessiyasına qarşı nə qədər qərəzli, nə qədər əsassız fikirlər söylədiyini bir daha şahidi olduq. Avropa Parlamentinin üzvləri COP29 sessiyasını Azərbaycanda guya insan hüquqları və ermənilərin hüquqları kimi məsələlər ilə qarışdırmağa cəhd edərək, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirirlər", - o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, xüsusilə də Azərbaycanda insan hüquqlarının pozulmasından bəhs edən deputatlar keçmiş azərbaycanlı məcburi köçkünlər, onların vəziyyəti, o cümlədən, hazırda Qərbi Azərbaycan İcmasının üzvləri olan insanların hüquqları haqqında bir kəlmə də danışmırlar.

"Bu onların nə qədər ikiüzlü, riyakar siyasət aparmasını göstərir. Azərbaycanı Avropa İttifaqı ilə aparılan neft kontraktlarının dayandırılmasına çağıran Avropa Parlamentinin deputatlarının, ümumiyyətlə, Avropa İttifaqının xarici siyasət məsələlərindən nə qədər kənar olduqlarını göstərir, eyni zamamda, yersiz şəkildə müdaxilələr, çağırışlar edərək öz aləmlərində Azərbaycana təzyiq göstərə biləcəklərini düşünürlər.

Onlar anlamaq istəmirlər ki, Avropa İttifaqı özü Azərbaycanla neft sazişləri və alternativ enerji sahəsində sazişlərin bağlanmasının təşəbbüskarıdır. Avropa İttifaqı Azərbaycanın enerji resurslarının Avropaya nəql olunmasında əsas maraqlı tərəfdir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin deputatları öz erməni havadarlarının və onlarla əlbir olan ölkələrin siyasi agendasından çıxış edir.

Burada xüsusilə Fransanın və onun müttəfiqlərinin izi hiss olunur. Ancaq bir daha vurğulamaq istəyirik ki, Avropa Parlamentinin bu siyasəti yeni deyil, hələ 1980-ci illərin sonları 1990-cı illərin əvvəllərindən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Avropa Parlamenti hər zaman öz riyakar üzlərini göstəriblər.

Həm Qarabağdan, həm də Qərbi Azərbaycandan olan milyonlarla azərbaycanlının fundamental hüquqları pozulduğu halda, bir kəlmə belə bu hüquqlardan danışmayan Avropa Parlamenti üzvləri indi "yüz min" erməninin hüquqları haqqında danışırlar və bunu ölkəmizə qarşı qərəzli şəkildə istifadə edirlər.

Bu da Avropa Parlamentinin təfəkküründə insan hüquqlarında nə qədər selektiv, diskrimativ olduqları, istədikləri vaxt insan hüquqlarından danışdıqları, azərbaycanlılara gəldikdə isə bu hüquqları tanımadıqları onların nə qədər riyakar olduğunu sübut edir. Ancaq biz öz doğma torpaqlarımızdan, milli maraqlarımızdan bir addım da olsun geri çəkilməyəcəyik. Bunu Avropa Parlamentinin deputatları yaxşı yadlarında saxlamalıdır", - deputat bildirib.