Məktəblərdə şagirdlərin çantası detektorla yoxlanıla bilər? - AÇIQLAMA
Bir çox hallarda məktəblilər arasında bıçaqlanma, bir-birilərinə müxtəlif kəsici-deşici alətlər vasitəsilə zərər yetirmə hadisələri ilə rastlaşırıq. Təəssüf ki, buna səbəblərdən biri də məktəblərdə güclü nəzarətin olmamasıdır. Şagirdlər də bundan yararlanaraq, müxtəlif növ soyuq silahları üzərilərində daşımaqdan çəkinmir, ən kiçik münaqişədə belə onlara əl atırlar.
Bu faktların qarşısını almaqdan ötrü şagirdlər məktəbə daxil olanda onların çantaları və üstl-başı qapıda mühafizəçilər tərəfindən detektorla yoxlanmalıdır? Başqa hansı üsullarla uşaqların məktəbə soyuq silah və s. kimi zərərverici əşyalar gətirmələrinin qarşısını almaq mümkün olar?
Day.Az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirdi ki, məktəblərdə şagirdlərin yoxlanılması çox çətin bir prosesdir:
"Amerika kimi qüdrətli texnologiyaya sahib ölkədə belə ən çox terror, cinayət hadisələri olan yerlərdən biri orta məktəblərdir. Çünki çantasında müxtəlif soyuq silah, digər odlu silah gətirərək cinayətlər törədən məktəblilər olur. Ümumi olaraq son illərdə Azərbaycan universitetlərində təşkil olunan yoxlama sistemi var ki, mühafizə polisi də bu prosesdə iştirak edir. Təhsil müəssisələrinin girişində detektordan keçirmə xüsusilə şagird sayı çox olan məktəblərdə çox çətindir. Bunun yerinə, siniflərdə şagirdlərin aqressiyası, davranışı və s. müşahidə edilməlidir. Məktəbdə ümumi nəzarət sistemi, kamera sisteminin tətbiqi daha məntiqlidir. "Məktəblinin dostu" layihəsinin də məktəbdə müəyyən qədər qayda-qanunun saxlanmasına müsbət təsiri var. Şagirdlər nəzarətsiz buraxılmamalıdır, tənəffüsdə, müxtəlif ictimai yerlərdə müşahidə edilməlidir. Hər hansı bir aqressiya hiss edildiyi zaman dərhal müdaxilə edilməlidir".
Ekspert qeyd etdi ki, şagird sayı az olan yerlərdə bu prosesin həyata keçirilməsi mümkün ola bilər:
"Amma Azərbaycanda hazırda 3-4 min şagird olan məktəblər var. Bu halda nə kadr potensialı, nə də mühafizə buna fiziki olaraq imkan verər. Ancaq hər bir müəllim eyni zamanda psixoloqdur. O, şagirdlərin aqressiya meylini, bəzən kefinin pozulmasının səbəbini valideynlərlə müzakirə etməlidir. Həmçinin növbətçilik üsulu ilə müəllimlər baş verən hadisələrə dərhal müdaxilə edərək məktəbdə nəzarət sistemi qurmalıdırlar. Bunun üçün elektron vasitələrdən, kameralardan istifadə edilməlidir. Şagirdlər bilməlidir ki, hər hansı qaydalara uyğun olmayan davranış olsa, bu, bilinəcək".
E.Süleymanovun sözlərinə görə, yataqxanası olan internat məktəblərində qalan şagirdlərin dolabları zaman-zaman araşdırmalıdır:
"Orada soyuq bıçaq və s. kimi iti kəsici alətlər aşkar olduğu zaman şagirdlərə qarşı sərt cəza mexanizmi tətbiq olunmalıdır. Təbii ki, bu araşdırmalar davamlı olmaz. Lakin aradabir buna riayət edilərək hansısa şagirdin üzərində soyuq silah, bıçaq, kəsici-deşici alət aşkar olduğu zaman onun cəzalandırılması vacibdir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре