Məcburi köçkünlərlə bağlı qanun layihəsi birinci oxunuşdan keçib
Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələri ilə təmin olunması, onların mülkiyyət hüquqlarının bərpası və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu" yaradılacaq. Bu fonda daxil edilən yaşayış sahələri məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi və həmin mənzillərin onların mülkiyyətinə verilməsi üçün istifadə olunacaq.
"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanuna təklif olunan dəyişikliklər məcburi köçkün statusunun itirilməsi hallarını da konkretləşdirir. Yeni qaydalara görə, şəxs əvvəlki yaşayış yerinin əvəzinə yaşadığı region üzrə müəyyən edilmiş ölçülərə uyğun başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra onun mülkiyyət hüququnun tam bərpa olunduğu hesab ediləcək.
Layihəyə əsasən, dövlət tərəfindən təklif edilən yaşayış sahəsini qəbul etməyən şəxslər də məcburi köçkün statusunu itirəcəklər.
Sənəddə sosial müdafiə tədbirlərinin tətbiq müddətinə də aydınlıq gətirilir. Belə ki, mövcud qanunvericilikdə nəzərdə tutulan 3 illik güzəşt müddəti şəxsin məcburi köçkün statusunu itirdiyi və ya təklif olunan yaşayış sahəsindən imtina etdiyi tarixdən hesablanacaq.
Bundan əlavə, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanuna təklif olunan dəyişikliklə məcburi köçkünlərin köçürülməsi mexanizmi yenilənir. Yeni yanaşmaya görə, dövlətin öhdəliyi vətəndaşa yaşayış sahəsinin təklif edilməsi ilə yerinə yetirilmiş hesab olunacaq.
Dəyişikliklərin məcburi köçkünlərin mənzil hüquqları ilə yanaşı, üçüncü şəxslərin qanuni maraqları arasında balansın təmin edilməsinə xidmət etdiyi bildirilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре