Əcnəbilərin Azərbaycanda qalma müddətinin uzadılması elektronlaşdırılır

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurlar elektronlaşdırılacaq.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Miqrasiya Məcəlləsi, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin ediləcək.

Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliklə isə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas müəyyən olunur. Belə ki, Miqrasiya Məcəlləsinin 41.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsi də imtina əsası kimi təsbit olunur.

"Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş dəyişikliyə əsasən isə, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.

Həmçinin, qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq.

Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcək.

Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.