Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - FOTO
Şamaxıda Üzüm və Şərab Festivalı sentyabrın 20-də işini davam etdirib.
Day.Az xəbər verir ki, Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif şərab brendləri öz pavilyonları ilə təmsil olunublar. Qonaqlar pavilyonları gəzib, müxtəlif növ üzümçülük və şərabçılıq məhsullarının dadına baxmaq imkanı qazanıblar.
Üzümçülük və şərabçılıq ənənələri ilə tanış olan ziyarətçilər müxtəlif əyləncə və şou proqramlara da qoşulublar.
Əyləncə dolu gün ərzində qonaqlar "Avroviziya" təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışlarını izləyiblər.
Gün ərzində müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Ziyarətçilər müxtəlif müsabiqə və viktorinalarda iştirak edib.
Təşkilat Komitəsi tərəfindən festivalda təmsil olunan təşkilatlara sertifikatlar təqdim olunub.
Festivalın balaca qonaqları da yaddan çıxmayıb. Tədbir məkanında uşaq əyləncə zonası, balacalar üçün interaktiv proqram, animatorlar təşkil edilib.
Xatırladaq ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, "Abqora" restoranı və "Nəsimi bağları" kompleksinin təşkilatçılığı ilə keçirilib.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре