Day.Az представляет новость на азербайджанском языке

Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov, Milli Məclisin deputatları Madər Musayev, Kamaləddin Qafarov, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkim vəzifəsini icra edən, Tibb üzrə fəlsəfə elmləri doktoru Aytən Sultanova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlar Şurasının İdarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Tədbiri açıq elan edən aparıcı Azərbaycan Respublikasının əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verdi.
Çıxış edənlər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkim vəzifəsini icra edən, Tibb üzrə fəlsəfə elmləri doktoru Aytən Sultanova, Millət vəkili Kamaləddin Qafarov və Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdilər. Natiqlər həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdılar. Natiqlər çıxışlarında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdilər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov çıxışında Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.

Daha sonra tədbir Azərbaycan Respublikasının əməkdar artisti Hüsniyyə Mürvətovanın ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən fotosərgi ilə tanış oldular.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.