Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır, heç bir kredit götürmədən biz bu işləri görəcəyik

Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin - Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin - Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.

Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq - texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir".