“Xəzər” Biennalesi Platforması çərçivəsində dəyirmi masa keçirilib - FOTO
Oktyabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə dəyirmi masa və təsviri sənət sərgisi keçirilib. Əvvəlcə müxtəlif ölkələrdən təşrif buyurmuş qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar. Daha sonra onlar Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətini təmsil edən, eləcə də digər Xalq rəssamlarımızla birlikdə platformanın gələcək istiqamətlərinin müəyyən edilməsi ətrafında geniş fikir mübadiləsinin aparıldığı, müasir dövrün aktual sənət məsələlərinin müzakirə edildiyi dəyirmi masaya qatılıblar.
Day.Az xəbər verir ki, təsviri sənət sərgisinin açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, ölkəmizi və xarici dövlətləri təmsil edən tanınmış sənət xadimləri iştirak ediblər. Qonaqları salamlayan Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova sərgi haqqında məlumat verib. Bildirilib ki, janr və mövzu müxtəlifliyi ilə seçilən sərgidə Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Macarıstan və Bəhreyndən olan rəssamların realizmdən abstraksiyaya, sürrealizmə qədər sənət üslublarını özündə birləşdirən əsərləri nümayiş olunur. Azərbaycan Rəssamlar İtifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova öz çıxışlarında "Xəzər" Biennalesinin daşıdığı vacib funksiya və əhəmiyyətindən söz açıblar.
Sərgi 15 oktyabr 2024-cü il tarixinədək davam edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре