Lüksemburqda ADR-in 95 illiyinə həsr edilmiş konsert keçirilmişdir - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Cari ilin 29 may tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Lüksemburq - Azərbaycan Ticarət Palatası və Lüksemburqda fəaliyyət göstərən Qarabağ Azərbaycan mədəniyyəti Asosiasiyasının təşkilatçılığı ilə, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Lüksemburq Kamera orkestrinin Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi muğam üçlüyü ilə birgə Respublika gününə həsr olunmuş konserti keçirilmişdir.

Tədbirdə çıxış edən Səfir Fuad İsgəndərov Azərbaycan Respublikasının müstəqillik tarixi və bu illər ərzində keçdiyi inkişaf yolu, ölkəmizin Avropaya inteqrasiyası istiqamətində atdığı uğurlu addımlar barədə məlumat vermiş, Azərbaycan Respublikasının gənc müstəqil ölkə olmasına baxmayaraq, bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulamışdır.

Konsertdə Lüksemburqun rəsmi qurumlarının nümayəndələri, Lüksemburqda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspora qurumlarının nümayəndələri, Lüksemburq və Avropa Parlamentinin üzvləri iştirak etmişlər.

Konsertdə Azərbaycanın klassik musiqisi - Fikrət Əmirov və Qara Qarayevin əsərləri, Tofiq Quliyevin mahnıları Lüksemburq Kamera orkestri tərəfindən peşəkarcasına ifa edilmişdir. Muğamla klassik musiqinin sintezi Lüksemburqlu tamaçılarda dərin təəssürat oyatmışdır.

Konsert Respublika gününə həsr olunmuş rəsmi ziyafətlə davam etdirilmişdir.