Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib

Day.Az представляет новость на азербайджанском языке

Fevralın 25-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd edib. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin şikəst olmasını, 1275 dinc sakinin girov götürülməsini, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmamasını, 8 ailənin tamamilə məhv edilməsini, 25 uşağın hər iki valideynini itirməsini qeyd edib.

Akademik ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini qeyd edib. G.Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq qəbul etdiyi bəyannamələrdən söz açıb.

Millət vəkili Xocalı soyqırımı ilə bağlı bu yaxınlarda Şərqşünaslıq İnstitutunda, biri ərəb və ingilis, digəri isə fars və ingilis dillərində olmaqla, iki bukletin nəşr olunduğunu, ümumiyyətlə isə, 20-ci əsrdə Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı həyata keçirtdiyi soyqırım aktları ilə bağlı institutda indiyədək 30-a yaxın kitabın çap edildiyini bildirib.

Tədbirdə institut əməkdaşlarından Cənubi Azərbaycan şöbəsinin müdiri t.ü.f.d. Səməd Bayramzadə, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri i.ü.e.d. Dünyamalı Vəliyev və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.