Koronavirusa görə aparılan gündəlik testlərin sayı 12-13 minə qədər artırılacaq

Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bunu iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Baş Nazir Əli Əsədov bildirib.

Baş Nazir bildirib ki, xaricdən sifariş olunmuş 84 avtomobil ölkəyə gətirilərək tibb müəssisələrinə paylanılıb. iyul-avqust aylarında əlavə olaraq 100 təcili yardım avtomobili gətiriləcək. Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onların gün ərzində minə yaxın test aparmağa imkanı var idi.Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək:

"Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı və epidemioloqların ümumi rəyinə görə, bu xəstəlikdən qorunmaq üçün tibbi maskalar vacibdir. Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Sizin tapşırığınızla operativ görülmüş işlər nəticəsində yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir".