Qarabağ zəfəri dünyada döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdirdi

27 sentyabr Qarabağ müharibəsinin başlanğıcının ildönümüdür. Düz bir il əvvəl erməni qüvvələri Azərbaycana qarşı nəticəsini təxmin etsəydilər girməyəcəkləri bir döyüşə başladı. Noyabrın 10-dək davam edən müharibə Ermənistan üçün "böyük fəlakət"lə nəticələndi.

Day.Az bildirir ki, bunu Trend-ə müsahibəsində İstanbul Rumeli Universitetinin siyasət elmlər və beynəlxalq münasibətlər doktorantı, ekspert Erdem Eren deyib.

O bildirib ki, müharibə nəticəsində Azərbaycan 1991-1993-cü illərdə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri aldı:

"Hər şeydən əvvəl Qarabağ müharibəsi qanını və canını verən bütün Azərbaycan türklərinin zəfəri olsa da, başda Türkiyə olmaqla canı ilə, silahı ilə və duaları ilə Azərbaycanın yanında olan bütün türk dünyasının ortaq zəfəridir. Müharibəni və zəfəri ildönümündə fərqi müstəvilərdə qiymətləndirmək lazımdır".

Ekspertin sözlərinə görə, ilk növbədə, Azərbaycan beynəlxalq hüquqa əsasən özünə aid olan torpaqları Ermənistan işğalından azad edib, ona görə həm müharibə, həm də torpaqların azad edilməsi bu baxımdan qanunidir:

"Ermənistan Dağlıq Qarabağ bölgəsini işğal etməklə yanaşı, illər ərzində terrorçu yanaşma ilə Azərbaycana qarşı sərhədyanı hücumlar da reallaşdırılıb. Nəticədə 27 sentyabrda etdiyi hücumlar sadəcə atəşlə bitməyib, həm də işğal etdiyi torpaqları geri qaytarmaq məcburiyyətində qalıb. Əslində, Ermənistan hücum etməsəydi belə, gələcəkdə Azərbaycanın uyğun siyasi platformalarda öz torpaqlarını geri alacağına inamımız böyük idi. İkincisi, Türkiyənin Azərbaycana göstərdiyi hərbi dəstək həm müharibənin gedişatına, həm də nəticəsinə böyük təsir göstərib. Xüsusilə, pilotsuz uçuş aparatları və Türkiyə müdafiə sənayesinə aid müasir silahlar əvvəl Liviyada olduğu kimi, Qarabağ müharibəsində Azərbaycan tərəfinə böyük üstünlüklər təqdim edib".

E.Eren əlavə edib ki, Türkiyə-Azərbaycan ittifaqı ilə əldə olunan Qarabağ zəfəri həm dünyada, həm də türk dünyasında döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdirdi:

"Türkiyə pilotsuz uçuş aparatlarının döyüş meydanındakı uğurunu və gücünü görən bir çox dövlətlər ordularını bu silahlarla gücləndirməyi planlaşdırmağa başlayıb. Belə ki, Liviya, Qətər və Ukrayna bu silahların istifadəsinə başlayıb, Polşa, Macarıstan, Mərakeş, Malayziya, Qazaxıstan və Pakistan bununla bağlı Türkiyə ilə danışıqlara başlayıb. Xüsusilə Balkan regionunda bu texnologiyaya maraq həddən çoxdur. Bolqarıstan, Serbiya və Albaniya Türkiyənin pilotsuz uçuş aparatlarının almaq niyyətini bildiriblər. Albaniya bunun üçün 8 milyon avro vəsait ayırdığını da bəyan edib".

Onun sözlərinə görə, nəticə etibarilə Qarabağ zəfəri bütün türk dünyasını sevindirsə də, müharibənin və zəfərin ildönümündə unudulmaması zəruri olan bir məsələ də Azərbaycanın əldə etdiyi nəticələri davam etdirə bilməsidir:

"Bu baxımdan həm geri alınan torpaqların sosial-iqtisadi və təhlükəsizlik infrastrukturu inkişaf etdirilməli, həm də Ermənistanın hələ də problemlər yaratdığı Laçın dəhlizinin reallaşdırılması sürətləndirilməlidir. Laçın dəhlizi Azərbaycan üçün önəmli olduğu qədər Balkan regionundan Türküstana qədər kəsintisiz dəhliz yaradılması baxımından da vacibdir".