Vyanada Avstriya azərbaycanlıları ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Avstriyaya səfəri çərçivəsində paytaxt Vyanada bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçirilib.

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüş iştirakçılarını salamlayıb. 

Sonra Azərbaycanın və Avstriyanın Dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin, həmçinin Xocalı soyqırımı qurbanlarının və Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi ehtiramla yad edilib.

Komitə sədri Vətən müharibəsi və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin Avstriya ictimaiyyətinə çatdırılmasında göstərdikləri peşəkar fəaliyyətə, vətənpərvər addımlara görə soydaşlarımıza təşəkkürünü bildirib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan Komitə sədri DİDK-nın və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) çoxşaxəli fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və bir sıra digər uğurlu layihələr barədə geniş məlumat verib.

Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl və sistemli işin uğurlu nəticələri haqqında danışılıb, əldə olunan nailiyyətləri əks etdirən və Dünya Azərbaycanlılarının qurultaylarının tarixindən bəhs edən videoçarxlar nümayiş olunub.

Görüşdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı diaspor nümayəndələrinin bütün dünyada, eləcə də Avropa informasiya məkanında gördüyü işlərə diqqət çəkilib.

Tədbirdə çıxış edən litvalı jurnalist Riçardas Lapaitis Ermənistanın xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətindən, Xocalı sakinlərinin başına gətirilən dəhşətli hadisələrdən danışıb. Bu bəşəri cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında indiyədək cavab vermədiklərini və hələ də cəzalandırılmadığını təəssüflə vurğulayıb.

Tədbir diaspor təşkilatlarının müxtəlif layihələrinin təqdimat mərasiminin keçirilməsi və qarşılıqlı fikir mübadiləsinin aparılması, maraqlı və vacib təkliflərin səsləndirilməsi ilə davam edib.

Tədbirin gedişində Riçardas Lapaitisə və "Culture Meeting Point" qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirovaya təltif olunduqları "Diaspor fəaliyyətində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı təqdim olunub.

Sonra Avstriya Azərbaycanlılarının Koordinasiya Şurasına seçkilər keçirilib, Fərid Quluzadə Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.