Sülhməramlılara aid 21 maşın Laçın yolundan maneəsiz keçib

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir. Səhər saatlarından indiyədək 21 maşının maneəsiz keçidinə şərait yaradılıb.

Bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir.

Xankəndi istiqamətindən gələn RSK-nə məxsus 19 təminat-təhvizat, 2 minik avtomobili, ümumilikdə 21 maşından ibarət karvan Laçın istiqamətinə maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 98 gündür davam edir.