Prezident İlham Əliyevin regional sülhə xidmət edən təşəbbüsü: Bakı-Tbilisi müttəfiqliyi
Müəllif: Elvin Səxavətoğlu
Mənbə: Trend
Son dövrlər Azərbaycan-Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyub. Dövlətlər arasında siyasi, iqtisadi və hərbi əlaqələr sürətlə inkişaf edir.
Altı ay əvvəl Prezident İlham Əliyev Gürcüstana rəsmi səfərə getmişdi. Səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, xüsusilə, "Orta Dəhliz"in prespektivləri əsas müzakirə mövzularından biri olmuşdur.
Prezident İlham Əliyev Gürcüstanda Baş nazir İrakli Qaribaşvili ilə mətbuata verdiyi birgə bəyanatda bildirmişdi ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var.
Sitat: "Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq..."
Baş nazir İrakli Qaribaşvilinin aprelin 7-də Azərbaycana səfəri zamanı da oxşar mövzular müzakirə olunub.
Azərbaycan Prezidentinin çıxışından aydın olur ki, Bakı və Tbilisi arasında əhəmiyyətli razılaşmalar əldə olunub.
Prezident bildirib ki, Azərbaycan və Gürcüstan energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə işləyəcək.
Sitat: "...Daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir".
Məlumdur ki, Ermənistan özünü regional layihələrdən təcrid vəziyyətində saxladığı üçün Orta Asiyanın və Azərbaycanın enerji resurslarının ixracı Gürcüstan üzərindən həyata keçirilir. Bu səbəbdən, Avropanın enerji təhlükəsizliyinin təhdid altında olduğu bir dövrdə Azərbaycan-Gürcüstan əlaqələrinin daha da yaxınlaşması, "köhnə qitə"nin fasiləsiz "mavi yanacaq"la təminatı üçün çox əhəmiyyətlidir. Görünən odur ki, Azərbaycandan Avropaya "yaşıl enerji" ixracında da Gürcüstan əsas tranzit dövlət olaraq qalacaq.
Səfər çərçivəsində enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri də əsas müzakirə mövzusu olub.
Ölkə başçısı Azərbaycan və Gürcüstanın "Orta Dəhliz"in inşası üçün göstərdiyi səylərdən danışıb.
Sitat: "...Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır".
Ümumilikdə, dəyişən geosiyasi vəziyyət bir hissəsi Azərbaycan və Gürcüstan ərazisindən keçən "Orta Dəhliz"in əhəmiyyətini dəfələrlə artırır. Bu səbəbdən, Azərbaycan lideri "Orta Dəhliz"in inşası ilə bağlı təşəbbüsü ələ alıb, dəhlizə dövlətlərin, transmilli şirkətlərin cəlb olunması üçün böyük səy göstərir. Prezidentin dəhliz üzərində yerləşən Gürcüstanla, xüsusilə, Orta Asiya ölkələri və Çinlə əlaqələrin inkişafına verdiyi önəm bunun bariz nümunəsidir.
Artıq Azərbaycan nəqliyyat dəhlizlərinin infrastrukturunu hazır vəziyyətə gətirib.
Qaribaşvilinin çıxışından isə anlaşılır ki, rəsmi Tbilisi də nəqliyyat dəhlizinin inşası üçün sistemli iş aparır. Bu səbəbdən, Baş nazir çıxışı zamanı "Orta Dəhliz" in inşası üçün Gürcüstanın həyata keçirdiyi layihələri xüsusi vurğulayıb.
Sitat: "Biz Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışırıq. Bizim məqsədimiz də yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu - dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir. Bildiyiniz kimi, biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti genişləndiriləcək və biz Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik".
Ümumilikdə, Azərbaycan-Gürcüstan əlaqələrinin həm enerji, həm də nəqliyyat sahəsində inkişaf etməsi region ölkələri ilə yanaşı, qlobal oyunçular, xüsusilə, Çin və Avropa İttifaqı üçün önəmli faktordur. Avropanın enerji sektorundakı maraqları yuxarıda qeyd olunub. Çin isə "Orta Dəhliz"də əsas maraqlı güc olduğu üçün dəhliz üzərində yerləşən dövlətlər arasında münasibətlər yüksək səviyyədə olmasını istəyir.
Göründüyü kimi, bu prosesdə yenə də regional sülhü təhdid edən Ermənistan və İran kənarda qalır. Onların da öz nəqliyyat dəhlizlərini qurmaq planları var. Amma proseslər göstərir ki, Azərbaycan-Gürcüstan müttəfiqliyi alternativ dəhlizləri təsirsiz edəcək. Çünki Bakı və Tbilisinin təşəbbüsləri xalqların rifahına, regional sülhə xidmət edir, həmçinin qlobal oyunçuların diqqət mərkəzindədir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре