İranın növbəti Azərbaycan PLANI

Müəllif: Təhməz Əsədov

Mənbə: Trend

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Tehranda Səfirliyimizin işinin bərpası üçün İran tərəfindən müraciət daxil olub. Əslində İran rejimi Azərbaycana bu cür təşəbbüslə çıxış etməklə Bakıya münasibətlərin normallaşdırılması istiqamətində addım atdıqlarını, iki dövlət arasında diplomatik əlaqələrin əvvəlki səviyyəyə qayıtmasında maraqlı olduqlarını göstərmək üçün bir manevrdir.

Lakin gerçəkdə heç də belə deyil. İran Azərbaycana qarşı düşmənçilik siyasətini qaldığı yerdən davam etdirir. İranda azərbaycanlı tələbə Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir.

Əslində bu, İran rejiminin köhnə üsuludur. Məsələn, vaxtilə 2 gənc yazarımız İrana səfəri zaman həbs edildi və uzun müddət zindanda saxlanıldı. Sonradan isə bütün ittihamlar götürüldü. Bundan başqa 2008-ci ilin oktyabrında İranda qondarma bəhanə ilə həbs edilən azərbaycanlı alim Rəşid Əliyevlə bağlı anoloji hadisəni qeyd etmək olar. İrana səfər edən Azərbaycanlı alim casus adı ilə İranda həbs edildi, mənəvi və fiziki işgəncələrə məruz qaldı.

İrana səfər edən Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı bu kimi bir çox faktları xatırlamaq olar. Hadisələri analiz etdikdə belə anlaşılır ki, İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır, bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar.

Xüsusilə bu məsələ son dövrlər daha intensiv hal almağa başladı. Biz bunu əsas da Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığı aydın görməkdəyik. Lakin indi İran tərəfi Azərbaycanla münasibətləri normallaşdırmaq görüntüsü yaradaraq Bakıya qarşı "jest" belə etməyə hazır kimi görünürlər. Konkret desək, istisna edilmir ki, rəsmi Tehran Bakının, Azərbaycan xalqının gözündən pərdə asmaq üçün hətta "casus" kimi qondarma ittiham ilə ələ keçirdiyi Fəridi Azərbaycana qaytarmağa razılıq da verə bilər.

Bununla İran tərəfi elə görüntü yaratmağa çalışacaq ki, "görürsünüz, bizim üçün heç nə Azərbaycanla münasibətlrəi normallaşdırmaq vacib deyil". Amma reallıqda da bu belədirmi? Qəti! Digər yandan İran tərəfi ötən axşam Azərbaycanın İrana bütün uçuşlara qadağa qoyduğu ilə bağlı dezinformasiya yaydılar. Bakıdan bu məlumat təkzib edildi.

Göründüyü kimi, molla rejimi hər vəchlə Azərbaycanla İran arasındakı göründüyünün əksinə olaraq uçurumu daha da dərinləşdirmək niyyətindədir. İranın indki davranışları Bakıya cavab tədbirinə daha çox bənzəyir. İran guya öz aləmində Azərbaycanın təhlükəsizlik orqanlarının molla rejiminin ölkədəki şəbəkəsinə qarşı keçirdiyi əməliyyatlara cavab verir, Bakı-Tehran gərginliyini fürsət bilərək xarici ölkə vətəndaşını saxlayır və onun İrana girişini casus əməli kimi təqdim etməyə çalışır. Sonra isə əlindəki bu şəxsləri öz maraqları naminə "xərcləmək" barədə düşünür.

Fərid Səfərlinin həbsi geosiyasi və qlobal konyunkturdakı dəyişikliklər fonunda Azərbaycanın strateji yüksəlişinə cavab məqsədlidir. İranı ən əsasda narahat edən Ermənistanla sülh sazişinin yaxınlaşması məsələsidir. Bu gün Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Bakı ilə İrəvan arasında sülh danışıqlarının hazırki vəziyyətindən bəhs edərkən bildirib: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün müxtəlif tərəflər var və bu müxtəlif tərəflərin fərqli maraqları və davranışları ola bilər". Bu həm də o deməkdir ki, bəzi tərəflər sülhün əldə olunmasına qarşıdır.

Bəli, rəsmi Tehran Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün gördüyü işləri intensivləşdirməsindən narahatdır. Bu narahatlıq səbəbindən məkirli planlar qurub, qondarma ittihamlar, əsassız məlumatlar yaymaqla molla rejimi nəyəsə nail olacağını düşünrsə, yanılır. Yaxşı olar ki, İran region dövləti kimi bölgənin təhlüksəziliyi istiqamətində vacib addım ataraq, Bakı ilə İrəvan arasındakı danışıqları prosesinə müdaxilə olacaq addımlardan çəkinsin.