XİN başçısı ATƏT Baş katibini Ermənistanın davamlı hərbi-siyasi təxribatları barədə məlumatlandırıb
İyunun 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
XİN-dən Day.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında effektiv çoxtərəfliliyi dəstəkləyən ölkəmizin bu istiqamətdə bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən ATƏT-lə əməkdaşlıq etdiyini məmnunluqla bildirib.
Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən göstərilən konstruktiv yanaşmanın Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşdiyi bildirilib. Mövcud çağırışlar və çətinliklərə baxmayaraq Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu vurğulanıb.
Baş katib Helqa Şmid, ATƏT-in Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu istiqamətdə münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bölgədə sülhün bərqərar edilməsi, gərginliyin aradan qaldırılması istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре