Dünya Kubokunda amansız mübarizə gedir

Şahmat üzrə Dünya Kubokunda amansız mübarizə gedir, hamı özünün ən yaxşı keyfiyyətlərini, ən yaxşı oyununu göstərmək, növbəti tura keçmək istəyir. Buna görə də turnir olduqca maraqlıdır.

Bu barədə çərşənbə günü Trend-ə turnirin kuluarlarında Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov deyib.

"Turnir yüksək səviyyədə təşkil olunub. Biz artıq çempionatlar, kuboklar, olimpiadalar, qran-prilər kimi böyük yarışlar keçirməyə öyrəşmişik. Beynəlxalq Şahmat Federasiyası (FIDE) həmişə bizim ölkəmizi məmnuniyyətlə seçir və çalışır ki, böyük yarışlar Azərbaycanda keçirilsin. Çünki biz artıq dəfələrlə sübut etmişik ki, dünyada ən yaxşı turnirləri təşkil etmək iqtidarındayıq. Məsələn, 2016-cı ilin Şahmat Olimpiadası. Hamı yekdilliklə deyirdi ki, şahmat tarixində hələ bu cür turnir olmayıb. Eynisi də Dünya Kubokunda baş verir. Burada rahatdır, mühit yaxşıdır, bütün iştirakçılar məmnundurlar", - deyə F.Həsənov qeyd edib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bu idman növünün inkişafına böyük diqqət ayırdığını vurğulayıb.

""2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" qəbul olunub. Heç bir yerdə ölkə rəhbərliyi tərəfindən şahmata bu cür diqqət göstərilməyib. Bu səbəbdən FIDE daima Azərbaycanı şahmatın inkişafı üçün bu qədər çox işin görüldüyü ölkə kimi hamıya misal çəkir", - deyə o, əlavə edib.

Faiq Həsənovun sözlərinə görə, Azərbaycan Dünya Kuboku səviyyəsində turnirin keçirilməsi şahmatın inkişafına daha çox töhfə verəcək.

"FIDE-nin himayəsi altında keçirilən yarışlar ölkə üçün son dərəcə mühümdür. Çünki bu, şahmatın inkişafında böyük rol oynayır. Baxın, nə qədər həvəskar, uşaq gələrək turnirin gedişatını izləyir. Dünya Kubokunda dünyanın ən güclü şahmatçıları bir araya gəlib və onlar bu şahmatçıları öz gözləri ilə görə bilərlər", - deyə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti son olaraq bildirib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FIDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FIDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.