KKTC ilə əməkdaşlığımız iki ölkənin ortaq maraqları istiqamətində irəliləyir

Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) ilə əməkdaşlığımız iki ölkənin ortaq maraqları istiqamətində irəliləyir.

Day.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Şimali Kiprin nəqliyyat naziri Erhan Arıklı ilə görüşü zamanı deyib.

"Şimali Kipr ilə Türkiyə arasında uzun illər davam edən əməkdaşlığın daha da gücləndirilməsi üçün lazım olan hər şeyi edirik. Bu əməkdaşlıq iki ölkənin ortaq maraqlarına uyğun olaraq irəliləyir və regional inkişaf bu sahədə mühüm addımların atılmasına imkan verəcək. Şimali Kiprin infrastrukturunun gücləndirilməsi, vətəndaşlarının rifahı üçün əvəzsiz əhəmiyyət kəsb edir", - deyə Uraloğlu bildirib.

Görüşdə avtomobil yolları, dənizçilik və digər sahələrdə əməkdaşlığı artıracaq həll təklifləri ətrafında fikir mübadiləsi aparılıb, Şimali Kipr limanlarının xidmət keyfiyyətinin yaxşılaşdırılması və gücləndirilməsi müzakirə edilib.

Görüş zamanı Şimali Kiprdə liman informasiya idarəetmə sisteminin inkişafı üzrə texniki əməkdaşlığın təmin edilməsi və poçt xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülə biləcək tədbirlər də müzakirə edilib.

Xüsusilə kənd yerlərində istehsal olunan məhsulların PTT Ticarət Mərkəzi vasitəsilə istehlakçılara çatdırılması, magistral yol infrastrukturunun yaxşılaşdırılması, texniki xidmətlə bağlı əlavə əməkdaşlıqların qiymətləndirilməsi, nazirliklərin səlahiyyətlərinə aid beynəlxalq təşkilatlarda əməkdaşlığın inkişaf etdirilməsi də gündəmdə olub.