Bakı-Tehran yaxınlaşmasına qarşı kimləri narahat edir?

Müəllif: Elvin Səxavətoğlu

İran prezidenti İbrahim Rəisinin və digər rəsmilərin həlak olması ilə nəticələnən helikopter qəzasının səbəbi hələ ki açıqlanmayıb.

Amma qəzadan sonra Azərbaycan əleyhinə müxtəlif cəfəng iddialar səsləndirilir. Xüsusilə Ermənistan mediası və Bakı-Tehran münasibətlərinin inkişafını istəməyən qüvvələr qəzada Azərbaycanın adını hallanıdırırlar.

Açıq şəkildə yazırlar ki, güya ssenari əvvəlcədən yazılıb və bu prosesdə Azərbaycan da iştirak edib.

Bəs İran mediası nə yazır?

Qəza ilə bağlı cinayət işi belə açılmayıb. Amma İran mediasında qəzanın pis hava şəraitinə görə baş verdiyi ilə bağlı xəbərlər tirajlanır.

İran hakimiyyəti də hər hansı xarici və ya daxili qüvvəyə qarşı bəyanat səsləndirməyib. Hazırda qəzada həlak olanların dəfninə hazırlıq görülür.

Yəqin ki, proses başa çatdıqdan sonra qəzanın səbəbi rəsmi şəkildə açıqlanacaq. Ehtimal etmək olar ki, artıq İran hakimiyyəti daxilində hadisənin hansı səbəbdən baş verdiyinə dair fikirlər formalaşıb.

Azərbaycanın adı niyə hallandırılır?

Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkə rəhbərinin görüşdüyü yer ciddi şəkildə mühafizə olunur. Heç həmin əraziyə Azərbaycan vətəndaşlarının icazəsiz girişinə imkan verilmir.

Digər tərəfdən qəza İran ərazisində baş verib. Bu məsələdə Azərbaycanın adının hallandırılması nə dərəcədə düzgündür?

Təbii ki, Azərbaycanın adının hallandırılmasının bir səbəbi var. Həmin bəyanatlar Azərbaycan-İran münasibətlərinin korlanmasına hesablanıb.

Çünki iki ölkə arasındakı münasibətləri istilaşməsi regiondankənar qüvvələrin və Ermənistanı müdafiə edən qrupların maraqlarına uyğun deyil. Onlar Azərbaycan-İran münasibətlərinin daim gərgin qalmasında maraqlıdır. Amma iki ölkənin Ali rəhbərliyi isə buna imkan vermədi.

Bu səbəbdən, helikopter qəzasını fürsət bilib münasibətləri yenidən gərginləşdirmək istəyirlər. Amma həm Azərbaycanın, həm də İranın davranışları göstərir ki, bu cəhdlər uğursuzluğa düçar olacaq.