Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Day.Az-а verilən məlumata görə, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

----------
18:55

İyulun 10-da Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüş keçirilir.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında mçəlumat yayıb.

Qeyd edək ki, NATO-ya üzv 32 ölkə, tərəfdaş ölkə və Avropa İttifaqının iştirakı ilə keçirilən NATO sammiti iyulun 9-da ABŞ-ın paytaxtı Vaşinqtonda başlayıb və iyulun 11-dək davam edəcək.

"Ukrayna və Transatlantik Təhlükəsizlik" mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub.