Ermənistan yeni Melkonyanlar yetişdirməyə çalışır

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, Çikaqo Universitetinin erməni əsilli tələbəsi Aram Branson azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırdığı bombaları hazırlamaqda ittiham olunur.

Rəsmi məlumatda bildirilir ki, Çikaqo Universitetinin yataqxanasında partlayışa səbəb olmuş, sonradan bu əməlini yalan məlumatlarla ört-basdır etmiş həmin şəxs bomba hazırlamaq məqsədilə gizli planlar qurmaqda ittiham edilir.

Branson 2023-cü ilin yanvarında Çikaqo Universitetindəki yataqxanada partlayışa səbəb olduqdan sonra hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

İttiham sənədlərinə görə, 21 yaşlı Bransonun bomba hazırlamaqda məqsədi Qarabağda ermənilər üçün guya təhlükə yaradan azərbaycanlılara və başqalarına qarşı istifadə etmək olub.

Ermənistan terrorçunu niyə müdafiə edir?

Aram Branson barəsindəki faktlar ifşa olunduqdan sonra Ermənistana qaçıb. Rəsmi İrəvan Bransonun ölkədə qalmasına şərait yaradıb. Bransonun İrəvanda yaşadığı və orada Amerikan Universitetində təhsil aldığı güman edilir.

Ermənistanın terrorçuluqla məşğul olan, sivil insanları öldürmək üçün bomba hazırlayan Bransonu müdafiə etməsində təəccüblü heçnə yoxdur. Çünki Ermənistan dövlətinin təməlində terrorçuluğa dəstək dayanır.

Erməni terrorçular hələ Azərbaycan Xalq Cümhuriyyətinin və Osmanlı İmperiyasının dövründən azərbaycanlılara və türklərə qarşı sistemli terror aktları törədiblər. Xüsusilə nüfuzlu diplomatların öldürülməsi üçün sistemli iş aparıblar.  

Xüsusilə ASALA terror təşkilatının üzvləri 1970-80-ci illərdə Türkiyə diplomatlarını hədəf alıb.

ABŞ hökumətinin məlumatına görə, ASALA 1968-dən 84 terror aktı və sui-qəsd həyata keçirib. Nəticədə 84 nəfər yaralanıb, 46 nəfəri isə ölüb.  

1980-ci illərin sonlarından azərbaycanlılara qarşı həyata keçirdikləri sistemli terror aktları və soyqırımıları buna bariz nümunədir.  

17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılmışdı.

1994-cü il martın 19-da və iyulun 3-də də Bakı metropolitenində baş vermiş terror aktlarını da ermənilər təşkil etmişdi. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdı.

Qarabağdakı müharibəni də terror aktları ilə başlamışdılar. Erməni terrorçular övründə erməni terrorçular kəndləri yandırıb, günahsız insanları güllələyib.

Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib.

Bu qətilləri xüsusi təlim görmüş Monte Melkonyan kimi erməni terrorçuları həyata keçirirdi.

Həmin illərdən uzun müddət keçib. Hətta Ermənistanda hakimiyyət də dəyişib. Amma Ermənistan özünün terrorçu niyyətlərini gizlədə bilmir.

Ona görə də yeni Monte Melkonyanlar yetişdirmək və Azərbaycana qarşı istifadə etmək niyyətinə düşüb. Əgər belə olmasaydı, Bransonu himayə etməzdi və ABŞ-a təhvil verərdi.