Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Azərbaycanla münasibətlərdən danışıb
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir.
Bunu Trend-a açıqlamasında Gürcüstan azərbaycanlılarının növbəti qrupu ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov deyib.
"Azərbaycan ilə Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir. Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu münasibətlər həmişə bu səviyyədə qalacaq. Gürcüstan Qərbin təzyiqi altındadır, çünki biz Qərbə marağını itirmişik. Biz istərdik ki, qonşu dövlətlərlə həmişə yaxşı münasibətlərimiz olsun, Gürcüstanda həmişə sülh olsun. Dünyada baş verən hadisələri, müxtəlif müharibələri nəzərə alaraq, biz neytrallığa sadiq qalırıq, sülhə çağırırıq", - o qeyd edib.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре