Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi
Beynəlxalq Muğam Mərkəzində "Nadir muğam ifaçıları" layihəsi çərçivəsində muğam sənətinin dərin bilicisi və sevilən xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edilib.
Day.Az xəbər verir ki, tədbirdə çıxış edən BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə mərkəzdə mütəmadi olaraq ustad xanəndələrin, muğam ifaçılarının xatirəsinə həsr olunan tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açıb. Bildirib ki, Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılıb.
Hacıbaba Hüseynov xalq yaracılığına da böyük diqqət verib. Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytararaq, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaradıb.
Gecədə çıxış edən Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Əməkdar artist Mirnazim Əsədullayev Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşüblər, unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğulayıblar. Bildirilib ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun muğam sənətimizdə pedaqoji fəaliyyəti ilə bağlı fikirlər söylənildi, sənətkarın təsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu qeyd olunub.
Xalq artisti Teyyub Aslanov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov, xanəndə Elbrus Niftəliyevin Hacıbaba Hüseynov repertuarından rəngarəng ifaları tədbir iştirakçılarının könlünü oxşayıb.
Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM- nin solistlərindən ibarət insrtumental heyət, Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə "Xarıbülbül" muğam qrupu və Əməkdar artist Emil Əfrasiyab müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре