Bakıda bir neçə ərazidə piyada səkilərinin zəbtinin qarşısı alınıb - FOTO
Bakıda bir neçə ərazidə piyada səkilərinin zəbt edilməsinin qarşısı alınıb.
Bu barədə Day.Az-a Baki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
"Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakı şəhərində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub. Lakin görülən işlərə baxmayaraq, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar Baki Şəhər İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır", - Baki Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, bu cür hallardan biri Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində qeydə alınıb. Sözügedən ərazidə inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb. Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki burada piyada səkisini ləğv edərək parking ərazisinə giriş təşkil etməyə cəhd göstərilmişdir:
"Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub. Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Baki Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitoringlər keçirilərək bu kimi negativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре