Yüksək xərclər çəkib cehiz almaq vacibdirmi?

Son illərdə toy mərasimlərində yüksək cehiz və mərasim xərcləri müzakirə mövzusuna çevrilib. Həddindən artıq cehiz tələbləri həm ailələr arasında narazılıqlara, həm də yeni qurulan ailədə sevgi və qarşılıqlı hörmətin formalaşmasına mane olur.

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında sosioloq Elçin Bayramlı toy zamanı cehiz və digər mərasim xərclərinə həddindən artıq vəsait sərf edilməsinin yeni ailə quran tərəflərə gələcəkdə göstərə biləcəyi mənfi təsirlərdən danışıb.

Sosioloq bildirib ki, ailənin təməli maddi deyil, mənəvi dəyərlər üzərində qurulmalıdır.

"Həddindən artıq cehiz tələbləri isə ailə münasibətlərinin mahiyyətini kölgədə qoyur və insanları bir-birinə mənəvi uyğunluğa görə deyil, maddi imkanlara görə qiymətləndirməyə sövq edir. Bu cür yanaşma ailə anlayışını zəiflədir və münasibətləri səmimiyyətdən uzaqlaşdırır.

Çoxlu və dəbdəbəli cehiz tələbləri ailələr arasında narazılıqlara səbəb olur. Sonradan "kim nə aldı", "kim nə qədər xərc çəkdi" kimi mövzular mübahisə predmetinə çevrilir. Bu isə yeni qurulan ailədə qarşılıqlı hörmət və etimadın formalaşmasına mane olur, münasibətlərə mənfi təsir göstərir", - deyə o bildirib.

E.Bayramlı qeyd edib ki, belə tələblər gənclər üzərində ciddi psixoloji təzyiq yaradır:

"Ailə qurmaq istəyən insanlar özlərini daim hansısa gözləntiləri qarşılamağa məcbur hiss edir, nəticədə evlilik sevgi və qarşılıqlı anlaşmadan çox, maddi şərtlər üzərində qurulan bir prosesə çevrilir. Bu da uzunmüddətli stress və narahatlıq yaradır.

Əgər münasibətlərdə əsas meyar cehiz, əmlak və ya digər maddi tələblərdirsə, burada həqiqi ailə dəyərlərindən danışmaq çətindir. Sağlam ailə qarşılıqlı hörmət, sevgi və dəstək üzərində qurulur. Buna görə də həddindən artıq cehiz tələbləri ailə institutuna zərər verən və cəmiyyət üçün mənfi nəticələr doğuran bir yanaşma kimi qiymətləndirilməlidir," - o sonlandırıb. 

Nəsimi Ələsgərli