İlk dəfə işə düzələn bu şəxslərə

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 23 yaşınadək şəxslərə ilk dəfə rəsmi işə başlayarkən sosial müdafiəsini gücləndirmək və onların əmək fəaliyyətinə adaptasiyasını dəstəkləmək məqsədilə 6000 manat birdəfəlik müavinət verilir.

Belə ki, Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı fərmanla "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklərə əsasən, bu kateqoriyadan olan vətəndaşlara rəsmi qaydada işə düzəldikləri zaman 6000 manat məbləğində birdəfəlik müavinət ödənilir.

Bu hüquq rəsmi olaraq valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan 23 yaşınadək şəxslərə şamil edilir.

Əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan şəxslər ilk dəfə işə başlayan zaman ölkə üzrə orta aylıq əməkhaqqının beş misli miqdarında (təxminən 5000 manat civarında) birdəfəlik ödəniş alırdılar. Bundan əlavə, onlara geyim, ayaqqabı və digər zəruri ləvazimatların əvəzinə 265 manat məbləğində pul kompensasiyası ödənilirdi. Yeni hüquqi tənzimləmə ilə bütün bu ödənişlər vahid bir paketdə birləşdirilmiş, ümumi məbləğ təqribən 15 faiz artırılaraq bütövlükdə 6000 manata çatdırılıb.

Nəsimi Ələsgərli