Həkim istidə edilən təhlükəli səhvdən xəbərdar edib

Mütəxəssislər bildirirlər ki, güclü istilərdə bədəni tam açıq saxlamaq düşündüyünün əksinə olaraq daha çox qızmağa səbəb ola bilər. Həkimlərin sözlərinə görə, günəş altında yüngül və boş geyimlər geyinmək dərini birbaşa şüalardan qoruyaraq orqanizmin temperaturunu daha yaxşı tənzimləməyə kömək edir.

Day.Az xəbər verir ki, həkimlər həmçinin istidən qorunmaq üçün qəfil soyuq suya girməyin təhlükəli ola biləcəyini vurğulayırlar. Kəskin temperatur fərqi əzələ spazmı və soyuq şok yarada, hətta insanın suda nəzarəti itirməsinə səbəb ola bilər.

Mütəxəssislər isti havalarda sərin və nəm dəsmallardan istifadə etməyi, bol maye qəbul etməyi tövsiyə edirlər. Başgicəllənmə, ürəkbulanma, güclü baş ağrısı və halsızlıq kimi əlamətlər müşahidə olunduqda isə dərhal kölgəyə çəkilmək və tibbi yardım almaq vacibdir.