Yasamalda evdəki partlayışda yaralananların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bakının Yasamal rayonunda yerləşən yaşayış evində baş verən partlayış zamanı yaralanan şəxslərin vəziyyəti məlum olub.
Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 08:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən 1 nəfər də (qadın) xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
XXX
10:44
Bakının Yasamal rayonunda yerləşən yaşayış evində baş verən partlayış zamanı 2010-cu il təvəllüdlü yeniyetmə həlak olub.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре