https://news.day.az/azerinews/1852020.html ATƏT-in Azərbaycanda minatəmizləmə prosesində daha fəal iştirakını gözləyirik - Ceyhun Bayramov Azərbaycan ATƏT-in ölkədə minatəmizləmə sahəsində daha fəal iştirak etməsini və konkret layihələr həyata keçirməsini gözləyir.

ATƏT-in Azərbaycanda minatəmizləmə prosesində daha fəal iştirakını gözləyirik - Ceyhun Bayramov

Azərbaycanca, 4 августа 2026 13:40 (UTC +04:00) 147
ATƏT-in Azərbaycanda minatəmizləmə prosesində daha fəal iştirakını gözləyirik

Azərbaycan ATƏT-in ölkədə minatəmizləmə sahəsində daha fəal iştirak etməsini və konkret layihələr həyata keçirməsini gözləyir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdən sonra jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirklənməsi ölkə üçün ən ciddi problemlərdən biridir.

Onun sözlərinə görə, 2020-ci il Vətən müharibəsindən indiyədək mina partlayışları nəticəsində 433 nəfər həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

C.Bayramov qeyd edib ki, Azərbaycanda minatəmizləmə işləri 2020-ci ildən əvvəl də aparılırdı və ANAMA həmin dövrdə yaradılmışdı. Lakin ərazilər işğaldan azad edildikdən sonra problemin miqyası tamamilə dəyişib.

"Bu gün minatəmizləmə işlərinin əsas yükü Azərbaycan dövlətinin üzərinə düşür. Bu prosesdə ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və bəzi özəl şirkətlər də iştirak edir", - deyə nazir bildirib.

O vurğulayıb ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana bu istiqamətdə dəstək versələr də, görülən işlərin əsas hissəsi ölkənin öz resursları hesabına həyata keçirilir.

Nazirin sözlərinə görə, ATƏT məkanında ən uzunmüddətli münaqişələrdən birinin nəticələrinin aradan qaldırılması, regionun inkişafı, nəqliyyat bağlantılarının genişlənməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı baxımından təşkilatın bu sahəyə daha çox diqqət ayırması vacibdir.

"ATƏT-in müxtəlif layihələrin icrası sahəsində təcrübəsini və təşkilata üzv bir sıra ölkələrin minatəmizləmə sahəsində ciddi potensialını nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, ATƏT bu istiqamətdə daha fəal olacaq və Azərbaycanda minatəmizləmə üzrə konkret layihələrin həyata keçirilməsini təşkil edəcək", - deyə C.Bayramov vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycan bu məsələni mütəmadi olaraq ATƏT-in Vyanadakı platformalarında qaldırır və İqnasio Kassisin Bakıya səfəri zamanı da bu gözləntiləri bir daha onun diqqətinə çatdırıb.

"Ümid edirik ki, bunun nəticəsi olacaq", - deyə C.Bayramov əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости