https://news.day.az/azerinews/1852023.html Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”) layihəsi çərçivəsində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinin 2026-cı ildə başlaması gözlənilir.

Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir - Ceyhun Bayramov

Azərbaycanca, 4 августа 2026 13:47 (UTC +04:00) 140
Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində tikintinin bu il başlaması gözlənilir

ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu") layihəsi çərçivəsində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinin 2026-cı ildə başlaması gözlənilir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdən sonra jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, son bir il ərzində Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində etimad quruculuğu istiqamətində mühüm addımlar atılıb. Bu addımlar sırasında Ermənistana və Ermənistandan daşınan yüklər üçün Azərbaycan ərazisindən keçidə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ermənistana neft məhsullarının çatdırılması yer alır.

C.Bayramov qeyd edib ki, ötən il Vaşinqton Sülh Sammiti zamanı təqdim olunan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır.

"Bu layihə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir. Layihə ABŞ ilə Ermənistan arasında həyata keçirilir. Lakin onun giriş və çıxış nöqtələri Azərbaycan ərazisində yerləşdiyi üçün Amerika tərəfi mütəmadi olaraq bizi layihənin gedişi barədə məlumatlandırır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, hazırlıq mərhələsinin başa çatmasından sonra 2026-cı ildə həmin hissədə tikinti işlərinə başlanacağı gözlənilir.

Nazir vurğulayıb ki, Azərbaycan öz üzərinə düşən öhdəlikləri sürətlə yerinə yetirir.

"Azərbaycanın əsas ərazisində yeni dəmir yolu və avtomobil yolu layihələrinin icrası yüksək səviyyədədir. Gözləntimiz ondan ibarətdir ki, 2027-ci ilin əvvəlində hər iki layihə Ermənistan sərhədinə qədər çatacaq", - deyə C.Bayramov qeyd edib.

O əlavə edib ki, Naxçıvan Muxtar Respublikası istiqamətində Sovet dövründən mövcud olan təxminən 180 kilometrlik dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi üçün də investisiyalar ayrılıb və işlər artıq başlanıb.

Nazir Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin də icra mərhələsində olduğunu bildirib.

C.Bayramovun sözlərinə görə, bütün bu layihələrin həyata keçirilməsi nəticəsində təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaranmayacaq, həm də Orta Dəhlizin yeni bir marşrutu formalaşacaq.

"Bu, Azərbaycan, Ermənistan və digər qonşu ölkələr üçün ticarətin genişlənməsinə, iqtisadi artıma və regional əməkdaşlığın güclənməsinə ciddi töhfə verə bilər", - deyə nazir vurğulayıb.

O qeyd edib ki, gələcəkdə Azərbaycanla Ermənistan arasında ticarət nomenklaturasının genişlənməsi də istisna edilmir.

Nazirin sözlərinə görə, son bir ilə yaxın müddətdə Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan 60 min tona yaxın yük daşınıb, Azərbaycandan Ermənistana satılan neft məhsullarının həcmi isə 20 min tona yaxın olub.

"Əminəm ki, bu istiqamətdə əməkdaşlıq gələcəkdə də davam edəcək", - deyə C.Bayramov əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости