Prezident İlham Əliyev: Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik

Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bundan sonra da güc amili dünyada hakim olacaq. Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur.

Mən Prezident kimi hər dəfə bu cəhdləri dəf edəndə xalqa arxalanıram, dövlətimizin gücünə arxalanıram, o cümlədən hərbi, iqtisadi və siyasi gücünə. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə aparmamışıq. Biz ermənilərdən fərqli olaraq etnik təmizləmə aparmamışıq. Biz Ermənistandan fərqli olaraq şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz azərbaycanlıyıq, bu, bizə yaraşmaz. Bizim təfəkkürümüz, bizim adət-ənənələrimiz və dədə-babalardan qalan miras bunu qoymaz. Bütün dünya bunu gördü ki, azərbaycanlılar necə məharətlə, peşəkarlıqla, fədakarlıqla və ləyaqətlə vuruşdular, öz vəzifə borclarını yerinə yetirdilər və Qarabağ münaqişəsini müharibədən sonra siyasi yollarla həll etdilər. Biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar və necə deyərlər, başlarını divara vururlar, amma bu, reallıqdır və onlar bu reallıqla barışmağa məcburdurlar".