Azərbaycan və əcnəbi toylarının fərqləri nələrdir?
Day.Az представляет вниманию читателей материал на азербайджанском языке.
Yeməli dəvətnamələrdən... meşə gəzintisinədək... Əcnəbi toylardan nələri götürə bilərik?
Çexlərin toy kimi bir adəti vardır...
Bizim toylardan xeyli fərqli və rəngarəng...
Toy mərasimi bütün xalqlarda müxtəlif inam və adət-ənənə ilə müşaiət olunur. Bununla həmin xalqın mədəniyyətini, həm də ümumi psixologiyasını səciyyələndirmək olur. Milli.Az xəbər portalı bildirir ki, Şərqi Avropa və xüsüsən də slavyan xalqlarının toy adətlərində çox oxşarlıqlar var. Yemək stolu, çörəklə bağlı adətlər və mahnı prosedurları demək olar ki, eynidir.
Məsələn, bolqarların toy mərasimlərində kişkek - buğda horrası hələ də qalmaqdadır. Çexlər, polyaklar bu horranın adını başqa cür adlandırsalar da sonda hamısı eyni hərəkəti təkrarlayır. Adı çəkilən xalqların toy mərasimlərində bəylə-gəlinin bir qabdan horra içməlidir. Bu baxımdan serb və xorvatlarda qədim məişət adətlərinin qorunmasında daha mühafizəkardırlar. Polyaklar toya gələnlər üçün 2-3 növ müasir təamlardan başqa süfrəyə heç nə qoymurlar. Bu onların qonşulardan seçilmək istəyinin bariz nümunəsidir. Şimal xalqlarının toylarında ciddilik, sərtlik və darıxdırcılıq açıq-aşkar hiss olunur.
Toyda yarış gedir
Slavyan xalqlarına məxsus adətlər arasında silahdan atəş açma, nikahın gecə yarı kəsilməsi, əyalətlərdə isə qurban kəsilməsi adətləri hələ də qalmaqdadır. Kasıb ailələr isə bu adəti xoruz və ya inək formasında bişirilmiş şirniyyatı "qurban kəsilir".
"Qurbanlıq" xalqların xarakterinə uyğun olaraq müxtəlif olur. Məsələn, yunanlar və italyanlar çoxillik çaxır, alman və slavyan xalqları isə pivə, bəzən isə bal küpü açmaqla bu ayini yerinə yetirirlər. Saçların kəsilməsi ( bu da bir növ qurban deməkdir) isə "pars pro toto" (tam əvəzinə yarısı - müəl.) adətindən qalmadır.
Bir çox slavyan xalqlarında şifahi xalq ədəbiyyatı nümunələri, mahnı və rəqslər, teatrlaşdırılmış məzəli "yarışlar" toyun daha da şən keçməsinə xidmət edir. Uzun illər ərzində bu adət-ənənələrin bəziləri yaddan çıxır və dəyişikliklərə məruz qalır. Amma qorunub-saxlanılanları da az deyil.
Çexiyada rastlaşdığım, daha doğrusu, dəvət aldığım iki toyda gördüklərimi bölüşməkdə məqsədim həm Avropa toy adət-ənənləri, həm də aramızda olan fərqləri göstərməkdir.
55 yaşlı bəy, gəlin və elektron dəvətnamə
Şəxsi qənaətim budur ki, həyatını tabularla yaşamayan insan yaxınları, dostları, ümumiyyətlə ətrafdakılar üçün həyatı rəngarəng və maraqlı edir. Belə insanlardan biri universitet müəllimimiz idi. Bu insan hər zaman adi, sadə və sərbəstdir. Ömrü boyu qalstuk vurmayan, dərsə diyircəkli konkilərdə gələn, tələbələri ilə müəllim-şagird yox, məhz dost münasibət quran pan Yaroslav F. sözün əsil mənasında azad insandır. Maliyyə problemləri yox, övladları özlərinə gün ağlayıb. Tanınmış universitetlərdən birinin professorudur (bu ölkədə professor adı almaq çox şey deməkdir), ayda bir dəfə Avropanın ən nüfuzlu universitetlərinə mühazirə deməyə çağırılır. Sözüm onda yox.
Bir gün hörmətli professordan ilk baxışda zarafata oxşayan, lakin dəqiqləşməsi bir az çətin olan mesaj aldım. Təxmini məzmunu belə idi. Məni, Çexiyada təhsil alan azərbaycanlı tələbəni yaşı 55-i ötmüş professor öz toyuna dəvət edirdi. Bəli, gözümüz öyrəşən bər-bəzəkli, ipli-saplı dəvətnamə ilə deyil, müasir üsulla, mesajla. Özünüzü mənim yerimdə təsəvvür edib vəziyyətdən çıxış yolu tapın. Ən qəribəsi də budur ki, elektron dəvətnamənin sonuna belə bir qeyd də vardı: "Özünüzlə idman forması götürməyi unutmayın".
Toya niyə idman geyimində gedirlər?
Toy, dəvətnamə, idman forması. Yeganə çıxış yolunu müasir texnologiyanın digər vasitəsi mobil telefonla səbəbkarla canlı əlaqə yaratmaqda gördüm. Bəlli oldu ki, heç kim mənimlə zarafat etməyib, mən doğrudan da toya çağırılıram, idman forması da lazımdır. Birinci anlaşılmazlıq mərhələsini geridə qoyub, ikinci çək-çevirlər, beyindəki sorğu suallar məngənəsinə düşürəm. Nə aparım? Bizim dillə desək, nə qədər pul yazdırmalıyam ki, nə mən utanım, nə bəy ziyana düşsün. Tipik azərbaycanlı təfəkkürü. Bu yerdə Azərbaycan toyunun gözəlliyi yada düşür. Toyun hansı restoranda keçiriləcəyi və qiymətlər bəllidir. Toyda 500-600 nəfərin içində münasib adamlarla bir masada əyləşib (bəzən heç onları da tapmaq olmur) mətbəximizin naz-nemətlərindən dadıb, pulunu yazdırıb qayıdıb gələcəksən. Bu da oldu toyda iştirak.
Amma mənim düşdüyüm vəziyyət fərqli idi. Dəvət aldığım toyu necə yola verəcəyimlə bağlı baş sındırdığım zaman yenə də müəllimim köməyimə çatdı. Vaxtilə Qafqazda səfərdə olan, az-çox adət-ənənələrimizdən xəbərdar olan Professor çətinlik qarşısında qalacağımı bilirmiş: "Sizin adətlərdən xəbərim var. Özünü əziyyətə salma. Dostlarıma və xanımıma Sizin adətlərdən danışmışam. Mümkünsə, əgər varındırsa, şərq mətbəxinin şah əsəri əvəzsiz Azərbaycan paxlavası gətir".
Bu sözlər sanki çiyinlərimdən ağır yükü götürdü. Müəllimin bizim paxlavaya "sevgisindən" xəbərdar idim. Hədiyyə məsələsi həll olundu. Amma burada bir nüansı diqqətdən qaçırmayaq. Toy sahibinin hədiyyə istəməsi anormal görünə bilər. Amma yenə də bu sözü təkrar etmək məcburiyyətindəyik: bu, bizdə belədir. Ümumiyyətlə, Avropada dost-tanışdan, yaxınlardan toy hədiyyəsi istəmək adi bir şeydir. Kimin nəyə ehtiyacı var onu ərkyana istəyir.
Misal üçün, italyanlarda arzulanan toy hədiyyələrinin siyahısını dəvətlilərə əvvəlcədən paylayırlar. İmkanın, gücün nəyə çatır onu da al apar. Onlar ehtiyaclarını ödəyirlər, qonaq isə əlavə xərcə düşmür.
Oğul anasını gəlin köçürür
Nə isə. Qayıdaq müəllimin toyuna. Daha doğrusu gedək toya. Səhər saat 10-da çağırılan ünvana çatdım. Məndən başqa toya dəvət olunan qazax və İraq türkməni də vardı. Biz məclisin təbii olaraq diqqət mərkəzindəydik. Qonaqlar tam heyətdə toplanana qədər bir iki informasiya əldə edə bildim. Məlum oldu ki, bu izdivac hər iki "sevgilinin" ikinci cəhdidir. Hərəsinin həddi- buluğa çatmış, hətta evli olan 2 uşağı var.
Saat 10-da kilsə zəngləri səslənəndən sonra hamı Müqəddəs Mariya məbədinə dəvət edildi. Girişdə toy proqramı qonaqlara paylanırdı. Adətə görə gəlini ya gəlinin atası, ya da ailənin ən yaxın dostu gətirir. 55 yaşlı gəlinin atasını axtarmaq bir az gülünc görünər. Ona görə də Pani Vera məbədə öz oğlu ilə daxil oldu. Ümumi prosedurlar, xoşbəxt təbəssümlər, xeyir-dua, "Bibliya"dan oxunuş, bu mərasimlə bağlı esselər və nəhayət kilsə xorunun ifası. Bu arada ən çox əziyyət çəkən biz üç müsəlman olduq. Nə baş verdiyini ümumilikdə anlasaq da, mahiyyətdən çox uzağıq. Nədənsə məşhur ingilis komiki, hamının "Mister Bin" kimi tanıdığı Riçardsonun kilsə səhnəsi yadıma düşür. Qazaxın sifətindəki qəribə cizgilər, məni qınamayın, Mr.Binə müəyyən qədər oxşarlığı həmin səhnəni gözümün önündən gətirir. "Aleluya"dan başqa heç nə bilməyən Mr. Bin kimi bizi də gah yuxu tutur, gah məbədin divarlarına çəkilmiş orta əsr ortodoksal xristianlığın bəzəyi olan freskalar, gah da bəyin alabəzək şalvarı maraqlandırırdı. Birtəhər 45 dəqiqəni yola verib, bəylə gəlini yarımqövs şəklində dairəyə alan dost-tanışla məbədi tərk edirik.
Əcnəbi toyunun süfrəsində nələr var?
Deməkdən yorulsam da, yenə də təkrar edirəm, ümumiyyətlə, Çexiyanın təbiəti əsrarəngizdir. Avstriya ilə sərhəddə yerləşən bu kiçik əyalət kəndi nağıllar aləmində təsvir olunan ilahi bir mənzərini özündə cəmləşdirib. Müəllimin zövqünə söz ola bilməz. Dağlarla əhatələnmiş bu kəndin göl qırağındakı restoranını seçməklə, belə tədbirlərdə ilk dəfə iştirak edən bizləri sanki nağıllar aləminə dəvət edirdi. Toy mərasiminin açıq havada, restoranın qarşısında düzülmüş stollar arxasında keçiriləcəyi bəlli olur. Stollarda piroqlar, tort hissələri, meyvələr, şirələr, avropa stilli, bir-birinə calaq edilmiş çərəzlər düzülüb. Təxminən 50-yə yaxın dost hədiyyəsini verib, kənara çəkilir. Növbə mənə də çatır. Azərbaycan konyakı, "Qız qalası" suvenirini təqdim edib, öz yerimi tuturam. Paxlava isə artıq stolda idi və qonaqların paxlavaya daha çox meyl etməsindən xoşhal idim. Azərbaycan mətbəxi ilə fəxr etməmək olmur. Buna görə müəllimimə xüsusi təşəkkür düşür.
Toydan sonra... nağara yox, gəzinti
Bəs idman forması? 30-35 dəqiqəlik qəlyanaltıdan sonra qonaqlara gəzinti sərbəstliyi verildi. Kim hara, necə, kiminlə getmək istəyir, buyursun. Prerovun dağları, meşələri, gölləri qonaqları qarşılamağa hazırdır. Maraqlara görə bölünənlər oldu. Mən gəzintiyə üstünlük verdim. Qulaqbatrıcı sakitlik və quşların cəh-cəhi və ən vacibi təmiz havada gəzinti saat 4-də başa çatdı.
Məclis toyuq şniçeli, tərəvəz salatı, dana əti şorbası, meyvələr, alkoqolsuz pivə, ev kvası düzülmüş stol arxasında davam etdi. Mərasimin şirin yerində bəylə gəlin toya dəvətliləri bir-birilə tanış etməyə başladılar. Hər bir şəxsin adı çəkilir, haqqında bir iki kəlmə söz deyilirdi. Bir sözlə tamam başqa aləm, tamam başqa bir toy, tam fərqli əhval-ruhiyyə. Qismət olsa Azərbaycan toyu haqda yazanda bu məqamı xatırlayacam. Toydan qayıdan azərbaycanlının halını nəzərdə tuturam.
Beləcə toyu başa vurub geri dönürük. Yol boyu avtobusun pəncərəsindən uzanıb gedən əsrarəngiz təbiət mənzərələrinə seyr edib, öz toylarımızı xatırlayıram. Azərbaycan toyları gəlib gözümün önündən keçir, qalstuklu bəy, qızıl mağazasının vitrininə oxşar gəlin, toyun pulunu çıxıb-çıxmayacağını beynində götür qoy edən qanıqara valideynlər... Bütün toylarda eyni sözü təkrarlayan tamada. Təlxəklər şousu. Müğənnilər. Eh, nə isə...
Gəlinin oğurlanması
Avropa xalqlarının toy adətlərindən söz açdıq, oxşarlıqları, fərqləri göstərmək istədik. İştirakçısı olduğum daha bir toy mərasimindən söz açacağıq. Əslində Avropa bizdən bir çox məsələlərdə üstündür fikirdən uzağıq. Amma elə şeylər var ki, onu deməyə bilmərik. Misal çəkməklə məqsədimiz Avropanı reklam etmək deyil. Onlar da bizim kimi insanlardılar, yaşayırlar, işləyirlər, istirahət edirlər. Amma nə edirlərsə çərçivəsində, hüdudunda edirlər. Bizdən fərqli olaraq heç kimi yamsılamırlar, heç nəyi ifratlaşdırmırlar.
Bir gün tələbə dostum Marekdən "Sizin toylar nə ilə başlayır" sualını eşitdim. Bilirdim ki, o maraq xatirinə bu sualları verəcək və mən çoxdan ürəyimdə saxladığım sözlərimi deməyə imkan tapacam. Bu həm də bizim adətlərin reklamı idi.
Elçilik, "şirin say", hər iki tərəfin razılığa gəlməsi, "Allah mübarək eləsin" sədaları, nişan gününün təyini, bir sözlə hər şey haqda çexin zəhləsini tökdüm. Guya ki, vətənpərvərəm, imkandan yararlanıb adətlərimizi təbliğ edirəm. Amma söhbəti uzadıb özümü ilişdirdim. Nəticə bu çıxdı ki, bizdə qızı bəyənmək, onunla ailə qurmaq istəyi hər şeyin həlli deyil. Bunun üçün valideynlərin-ağsaqqalların razılığı lazımdır. Stop!
Kimlərin? Bax, bunu avropalı dostuma heç vəchlə anlada bilmədim. İki müstəqil insanın taleyini valideynlər niyə müəyyən etməlidilər, verilən qərar niyə müzakirə olunur? Amma insafən "qız toyu", "oğlan toyu" məsələsini o qədər də qabartmadım. Bu bizim ağrılı yerimizdir. Mən doğurdan da bu iki toyun ayrılıqda keçirildiyini heç cür qəbul edə bilmirəm. Düzdür vaxtilə, yəni abır-ismət, müsəlmançılıq, miili mentalitetin yazılmamış qanunlarının qüvvədə olduğu vaxtlarda kişi və qadın məclisi ayrı olurmuş. Ona görə də bu deyim qalıb. Bəs indi hansı dövrdür? Eyni insanların, qohumların iki dəfə bir araya gəməsi, toy mafiyasına iki dəfə xeyir vermələrini hələ də anlaya bilmirəm. İndi mən Marek qardaşımıza bu absurd teatrını necə təqdim edim?
...Aydın məsələdir ki, çex dostum mənim söhbətimin gerisinə qulaq asmır. Dəvət aldığımız toy mərasimində şənlənən dostlarımızın yanına gedir. Bax indi kadrları bir az geri çəkməli bura qədər nələrin baş verdiyini, azərbaycanlının çex toyunun düz mərkəzinə düşməsini anlatmaq lazımdır. Demək belə.
Dadlı dəvətnamə necə olur?
Söhbətimizin əvvəlində mənə ilk toy dəvətnaməsinin elektron ünvanıma mesajla gəldiyini qeyd etmişdim. Fikirləşirdim ki, bir də burada mənə toy qismət olsa yəqin ki, belə sürprizlərlə rastlaşmaram. Budəfəki "dəvətnamə" professorun atasına rəhmət oxutdurdu. Ümumiyyətlə çexlərin qonaq gedəndə özləri ilə hədiyyə adı ilə nə isə gətirmələri nadir hallarda olar. Özləri ilə ən yaxşı halda içəcəkləri pivəni götürərlər. Bizimlə eyni mərtəbədə qalan Hana və Vaslavın əllərində ikiyə bölünmüş ev piroqu ilə bizə gəlməsi hamımızı şoka saldı.
Gəldilər, əyləşdik, dərdləşdik. Beynimdə piroqun əvəzinə nə qoyacağımı götür qoy etdiyim vaxt, Hana dilləndi. Təklif etdi ki, piroqun dadına baxım. Bir az sıxıldım. Bizlərdə qonağın gətirdiyi hədiyyəni nəinki onun yanında açmazlar, heç stola da düzməzlər. Amma nə edəsən? Başqa məbədə öz qanunlarınla getmə. Dadına baxdım, birinin üstünə beşini qoyub təriflədim. Və burada... burada məlum oldu ki, mən "dəvətnamənin" dadına baxmışam. Heç demə Moraviyada (Çexiyanın tarixi vilayəti) gəlin toyuna dəvət etdiyi şəxslərə belə "dəvətnamə"lər göndərib həm öz əl qabiliyyətini göstərir, həm də toy olacağına üstüörtülü işarə vurur. Bərəkallah. Nə deyim, hər halda xoşdur.
Varlı avropalının kasıb süfrəsi
Deyilən gün deyilən vaxtda şəhər bələdiyyəsinin qarşısında gözləyirik. 4-5 nəfər tanıdığım şəxs var. Qalanları nisbətən yaşlı adamlar, çox ehtimal ki, bəylə gəlinin valideynləri, yaxın adamlarıdır. Ümumiyyətlə, çexlərin adətlərinə görə qediyyat evinə kim istəsə gələ bilər. Restorana isə yalnız dəvətlilər çağırılırlar.
Az sonra bəylə gəlin kabrioletdə binanın qarşısına gəldilər. Nigaha daxilolma mərasimi adətən 40-50 dəqiqə çəkir. Əksər hallarda saat 13-15 arası təyin olunur. Çərşənbə axşamı, cümə axşamı, şənbə günləri, Pasxa bayramına 7 həftə qalmış (Böyük pəhriz günü), 14-27 avqust (provaslavların pəhriz günləri), Milad (28 noyabr -7 yanvar), 14 fevral, 6 aprel və digər dini bayram günlərində kilsə bə məbədlərdə nigah kəsilmir. Kilsədə qeydiyyat zamanı mərasimi çox qısa olur. İmzalama, şampan şərabı, foto, vəssalam.
Toyun nəqliyyat xidməti
Qeydiyyat evindən restorana qədər qonaqları sifariş olunmuş mikroavtobus aparır. Restoranın giriş qapısında bizi bir neçə gənc qarşılayır. Əvvəl belə təsəvvür yarandı ki, bunlar bəylə gəlini restorana buraxmaq istəmirlər və burada nə isə problemli məsələ var. Sonradan başlayan gülüşmə və sevinc nidaları yanıldığımdan xəbər verirdi. Məlum olur ki, bu da bir adətdir. Buna "Toy dəhlizi" deyirlər. Yeni evlənənlərin dostları dəhliz yaradırlar. Bəylə gəlin bu dəhlizi keçməlidilər. Bu zaman dostlar müəyyən qədər manelər yaradır və bununla gələcəkdə qarşılarına çıxacaq sınaqlardan birgə çıxmağı məsləhət görürlər.
Məclis başlayır. Restoranın 2 stolu sifariş edilib. Digər stollar ya boşdur, ya da sıravi çexlər gündəlik həyatlarını yaşayırlar. Kimisi pivə içir, kimisi naharını edir. Məclisdə gözümüz öyrəşən tamada yoxdur. Bəs tədbiri kim aparacaq, kim şer deyəcək? Tapmazsınız. Burada tədbirin sahibi gəlin olur. Kiminlə istəyir rəqs edir, kimə istəyir söz verir, kiminlə istəyir şəkil çəkdir. Qonaq yola salır və ya qəbul edir. Təbrik üçün söz oğlanın valideynlərinə verilir. Aydın məsələdir ki, bizim toylardadkı kimi hər dörd valideyn boy sırası ilə düzülüb həyacanla öz növbəsini gözləmir. Bəyin atası öz dostları ilə yeyib içdiyi stolun arxasından, anası isə tamam başqa stoldan çıxış etdir. Sonda lətifə danışdılar, bəy və gəlinin uşaqlığını xatırladılar.
Toyun şirin yerində gəlin itdi. Ağlıma hər cür fikir gələrdi. Müxtəlif versiyalar üzərində baş sındırmaq olardı. Amma Azərbaycanın bəzi zonalarında mövcud olan "bəyin oğuralnması" burada başqa formada şahidi olacağımı təsəvvürümə belə gətirməzdim. Əvvəl elə bildim mənimlə edirlər. Ən azından bəyin oğurlanması adətini onlara danışmışdım. Sonradan məlum oldu ki, bu adi bir çex adətidir. Buna "Gəlin oğurlanması" deyirlər. Bununla gəlinin valideynlərindən ayrılması və yeni həyata başlamasına işarə edirlər. Sonra nə baş verir? Bəy gəlini axtarmağa gedir. Tapdısa problem deyil. Məclis davam edir. Yox əgər tapa bilmədisə xanımını pulla satın almalıdır. Bizim dostumuz bir balaca zirək çıxdı və xanımını mətbəxdəki şkafdan tapdı. Kiminsə xəbərçilik etdiyini ehtimal edənlər oldu, kimsə bunun əvvəlcədən danışıldığını iddia etdi. Ən əsası odur ki, bu toya əlavə bir rəng, şənlik gətirdi.
Toy şorbası
Az sonra məclisə təmtəraqla bir boşqab şorba gətirildi. Bəylə gəlin stolun başına keçib sanki uzun illərin aclığını çıxarırmışlar kimi bir qabdan şorba yeməyə başladılar. Dostumuz Marek təəccüblü sifətimi görüb mahiyyətini anlatdı. Eyni qabdan şorba yeməklə yeni ailə quranlar gələcəkdə bütün problemlərin birgə həllinə çalışacaqlarına işarə edirlər. Hazırda şərikli kökə proseduru daha dəbə minib. Öz payını həyat yoldaşı ilə lazımi miqdarda bölmək anlamı verir.
Bu arada toya nə qədər xərc çəkildiyini və bunun kim tərəfindən ödniləcəyini götür-qoy edirəm. Təxminən 25 nəfərin iştirak etdiyi tələbə toyuna nə xərc çıxa bilər?
Orta səviyəli çex toyunda 10 nəfər iştirak edir. Qeydiyyat haqqı, gül dəsti, qonaqlıq, kirayəyə götürülən gəlinlik paltarı ilə birlikdə 1000-1200 avroya başa gəlir. Deyilənə görə gəlinlik paltarlarının prokatı təxminən 400-500, satışı isə 1200 dollardır. Söhbət fransız modellərindən gedir. Digər adi modellərin sifarişi 200-250 dollar, satışı isə 1000 dolları keçmir. Zövqdən asılı olaraq teatral səhnələr də sifariş edənlər olur. Misal üçün toylarda hamı orta əsr zadəganları geyimində və yaxud bal əlbisələrində olur. Bu cür dekorasiyalar üçün 2000-5000 dollardak keçmək lazım gəlir. Atəşfəşanlığın təşkili 1200 dollardan 5000 dollara qədərdir. Peşəkar fotorqafların işi 3-4 saat üçün 300-450 dollar arasında qiymətləndirilir.
Toy hədiyyələri: pul salırlar, yoxsa...?
Tam səmimi deyirəm çexlər imkanlı, imkansız azərilərin toy adətlərini heç vaxt anlamazlar. Restoranda ofisant işləməklə, qab yumaqla, maşın ustası yanında şagirdlik eləməklə özünə günəmuzd gün ağlayan çex gənc heç vaxt başa düşməz ki, toya 500-600 nəfəri çağırıb niyə özünə qəsd etməlidir? Bura xərclənən pullarla maddi durumu düzətmək olar. Çexlər qənaətcil xalqdılar. Orta toyun dəyəri zalın çiçəklərlə bəzənməsi, 40 nəfər üçün banket, şirniyyat, toy buketi, parximaxer-vizajist, bəy-gəlin paltar dəsti, nişan üzükləri, bütün bunlar hamısı təxminən 5000 dollara başa gəlir.
Bu fikirləri beynimdə çək-çevir etdiyim vaxt məclisə tort gətirirlər. Hana tortun bir hissəini kəsib qaynatasına, Vaslav isə öz qaynanasına yedizdirir. Qonaqlar tortun dadına baxandan sonra hədiyyələrin gələn qonaqlara təqdimatı başlayır. Bu hədiyyələr arasında xüsusi diqqətimi çəkən şərab şüşəsi və gəlinin bəyə hədiyyə etdiyi hansısa musiqi qrupunun diski oldu. Deyilənə görə çex toylarında hansısa bəstəkarın diski, sevgilisinin şəklini böyütdürüb ürək sözlərini yazanlar, piknik üçün ləvazimatlar, qril aparatı, yataq dəsti hədiyyə edənlər də olur. Bəylə gəlinin hava şarında gəzmələrini təşkil etmək qiymətli hədiyyələrdən sayılır. Uzaq yerdə yaşayan ən yaxın dostun toya qəfil dəvət olunması bəylə gəlin üçün əvəzsiz hədiyyə sayılır. Toyun yekununda bəyi daha bir sınaq gözləyirmiş. Toy başa çatandan sonra bəyin qarşısına güllərdən düzəldilmiş lent salırlar. O yalnız müəyyən qədər pul ödəyəndən sonra lenti adlaya bilər. Bununla bəy cavanlıq səhvlərini yumuş olur. Beləcə hamı bəylə gəlini təbrik edib öz evinə yollanır.
Və... Azərbaycan toyları
"Gəncə Konyakını" hədiyyə edib, qayıdıram yataqxanaya. Əlavə şərhə ehtiyac varmı?
İstərim ki, bizim toylarda da səfeh tamada olmasın, insanlar videokameraları görəndə özlərini boğub oturmasınlar, rəqs sifarişi yığışdırılsın, toya tanış, qohumlar, əziz insanlar çağırılsın, gələnlər də toy sahibinin həqiqətən sevincini bölüşsünlər, toy gəlir mənbəyi olmasın, ofisiantlar adamın başına bozbaş tökməsinlər, gözü sifarişçinin cibində qalmasın, menyuya 100 cür təam düzülməsin, həmin o təamın bərəkətini qaçırmasınlar, toy podium olmasın, insanlar bura geyimlərinin, zinət əşyalarının nümayişi üçün gəlməsinlər...
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре