Avtomobili uşaqlara və sürə bilməyənlərə verəndə fəsadları ağır olur
Day.Az представляет новость на азербайджанском языке
Uşaqların və sürücülük hüququ olmayan şəxslərin sükan arxasında oturmağının fəsadları açıqlanıb.
Bu ilin 11 ayı ərzində respublikanın avtomobil yollarında uşaqların iştirakı ilə baş verən qəzalarda 64 azyaşlı dünyasını dəyişib, 191 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən uşaqlardan 33-ü piyada, 25-i sərnişin, 3-ü velosipedçi, 3-ü sürücü, yaralananların isə 110 nəfəri piyada, 75-i sərnişin, 5-i velosipedçi, 1-i sürücü qismində olub.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Şöbə rəisinin sözlərinə görə, ümumiyyətlə, 2015-ci ilin 11 ayı ərzində ölkə yollarında 2033 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 816 nəfər dünyasını dəyişib, 2069 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Bu ilin noyabr ayının son günlərində ağır yol qəzalarının baş verməsi narahatlıq doğurub. Belə ki, ötən illə müqayisədə hər ay ölən və xəsarət alanların sayında 10-15-25 fakt azalırdısa, bu ilin noyabr ayında ölümlər 3 fakt artıb. Hadisələrin çoxu piyadaların vurulması, ötmə, qarşı hərəkət zolağına çıxma və sürət həddinin aşılması nəticəsində baş verib. Belə ki, piyadaların vurulması ilə nəticələnən 837 qəzada 302 nəfər ölüb, 612 nəfər isə xəsarət alıb. Ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxması nəticəsində qeydə alınan 753 qəzada 294 nəfər ölüb, 870 nəfər yaralanıb. Yollarda müəyyən edilən maksimum sürət həddinin aşılması nəticəsində baş verən 571 qəzada isə 267 nəfər həlak olub, 465 nəfər xəsarət alıb. Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı baş vermiş 48 qəzada 24 nəfər ölüb, 61 nəfər yaralanıb".
K.Əliyev daha bir maraqlı faktı açıqlayıb. Yol polisi sözçüzü qeyd edib ki, qəzaların 413-ü sürücülük hüququ olmayan şəxslər tətəfindən nəqliyyat vasitələrini idarə etməsi səbəbindən baş verib. Bu hadisələr nəticəsində 168 nəfər həlak olub, 465 nəfər yaralanıb.
Bundan əlavə, avtobus sürücüləri tərəfindən 11 ay ərzində 75 qəza törədilib, 28 nəfər ölüb, 87 nəfər yaralanıb. Yük avtomobillərini idarə edən sürücülərin törətdikləri 122 qəzada isə 68 nəfər dünyasını dəyişib, 110 nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 396, qəzalarda ölənlərin sayı 207, yaralananların sayı 383 fakt azalıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре