Vaqif Mustafayev: İnsanlar karantinin yumşaldılmasını arzuladıqları kimi, sağ qalmalarını da istəməlidirlər

İnsanlar karantin qaydalarının yumşaldılmasını arzuladıqları kimi bu həyatda sağ qalmalarını da istəməlidirlər.

Day.Az xəbər verir ki, bunu Trend-ə kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, "Space" teleşirkətinin prezidenti Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının mövcud olduğu indiki şəraitdə hamımızın bir millət kimi sağ qala bilmək istəyi olmalıdır:

"Koronavirus bəlasını heç kim gözləmirdi. Bu, təkcə bizim üçün deyil, bütün dünya üçün bir sınaqdır. İndi bütün dünyada eyni vəziyyətdir. Bu, bir dözüm, iradə sınağıdır. Biz gərək buna dözək. Mən kino adamıyam. Axı, indi kino da çəkilmir! Mən kino çəkə bilmədiyim kimi musiqiçi də oxumur və digər incəsənət xadimləri də öz işlərini görə bilmirlər. Nəzərə alaq ki, bütün bunlar müvəqqəti haldır".

Hazırkı şəraitdə insanların bir olmasını olduqca vacib amil sayan V.Mustafayevin sözlərinə görə, COVİD-19-a yoluxma halının artmaması üçün insanlar bir-birlərini başa düşməlidirlər:

"Hazırda yoluxma sayı 200-dən bir qədər çoxdur. Amma bu say arta bilər. Biz gərək çinlilərdən nümunə götürək, onlar bu bəlaya sinə gərdilər və xilas oldular".

V.Mustafayev hesab edir ki, hazırda insanların hansı qaydalara əməl etməsi və ona nəzarət məsələsi mərkəzləşdirilmiş şəkildə idarə edilməlidir:

"Mən fikirləşirəm ki, bu qaydaların nə dərəcədə zəruri olduğu hamıya aydın olmalıdır. Biz elə etməliyik ki, hamımız bir-birimizi başa düşək. Burada millətin sağ qalıb-qalmamasından, pandemiyadan nə dərəcədə zərər çəkməsindən söhbət gedir. Bunu nəzərə alaq ki, bizim başqa problemimiz - düşməniz olan erməni işğalçıları da var. Bir tərəfdən erməni işğalı, digər tərəfdən koronavirus problemi ilə üzləşmişik.

Nə qədər parodoksal səslənsə də, koronavirus da çox demokratik bəladır. Bu virus geniş yayılır, hər kəsi yoluxdurur və tanımır ki, yoluxdurduğu bu şəxs, ya o şəxs kimdir. Həmin şəxsin sağ qalıb-qalmayacağı isə bilinmir".

Hazırda toyların yenidən təşkilini düzgün saymayan V.Mustafayev əlavə edib ki, kimlərsə toyların yenidən keçirilməsini istəyir:

"Mənim toylar krallarına hörmətim var. Çünki mən televiziyada işləyirəm, onların hamısı buraya gələrək verilişlərdə uğurla çıxış edirlər. Artıq 14 ildir ki, "Space"də onların ad günləri, yubileyləri keçirilir. Bizim onlara hörmətimiz var, amma axı, musiqiçilər də - istər nağara çalan, istər piano çalan, istərsə müğənni özünü ziyalı hesab etməlidir. Əgər onlar özlərini Azərbaycan ziyalısı hesab edirlərsə, koronavirus dönəmində toylara can atmazlar. Onlar əksinə problemə ağılla yanaşmalı, xalqa bu problemi başa salmalıdırlar".

V.Mustafayev qeyd edib ki, musiqiçilər hazırkı zamandan istifadə edərək özlərini daha da inkişaf etdirə və teleefirlərdə öz sənətlərini daha çox təbliğ edə bilərlər.

V.Mustafayev insanların koronavirusa görə tətbiq edilən karantin qaydaları ilə bağlı öz düşüncələrini dəyişməsini də vacib sayır:

"İnsanlar öz düşüncələrini dəyişməlidirlər. Məgər dövlət maraqlıdır ki, biznes sahələri, şadlıq sarayları işləməsin?! Indi hamı bir-birindən şübhələnir ki, birdən mənə qarşıdakı adamdan virus keçər. Hamı koronavirusdan çəkinir və düz də edir. Məsələ təkcə bir adamın virusa yoluxmasından getmir. Virusa yoluxan bir adam başqalarını da ona yoluxdurur və yoluxma sayını artırır. Əgər insanlar öz məsuliyyətlərini başa düşməsələr, böyük bəlalalar ola bilər. Buna görə də bir az milli düşüncə olmalıdır və mentaliteti dəyişmək lazımdır. Mən də kino çəkmək istəyirəm, çünki aylar gedir, ömür keçir. Amma mən dözürəm, çünki söhbət bir böyük bəladan gedir. Biz bütün bəlalara hazır olmalıyıq".