Rəşad Tağıyev: Müstəqil Azərbaycanın dayanıqlı inkişafı naminə təhsil islahatları ildən-ilə dərinləşdirilir

Təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Trend-in "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində deyib.

R.Tağıyev qeyd edib ki, təhsil sisteminin beynəlxalq standartlara uyğun qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır:

"Hər bir inşa olunan yeni məktəb binası, yaradılan təhsil infrastukturu ağıllı, intellektli, vətənpərvər gənclərin yetişdirilməsi məqsədinə xidmət edir. Son illər ərzində aparılan təhsil islahatları göz önündədir və müstəqil Azərbaycanın dayanıqlı inkişafı naminə bu təhsil islahatları ildən-ilə dərinləşdirilir. Ölkəmizdə bu istiqamətdə dövlət proqramları icra olunur, məktəb infrastrukturları yenilənir.

Təsadüfi deyil ki, pandemiya şəraitinə baxmayaraq, bu il də ölkəmizdə məktəb infrastrukturunun yenilənməsi davam edib. Pandemiya şəraitində də qeyd olunan istiqamət dövlət başçımızın xüsusi diqqət və qayğısında olub. Prezident İlham Əliyevin həmin açılışlarda iştirak etməsi, öz tövsiyələrini verməsi və aparılan təmir-tikinti işləri ilə şəxsən tanış olması qeyd olunan sahənin ölkə başçısının birbaşa diqqətində olmasının bariz nümunəsidir".

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.