Toyuna hazırlaşırdı, şəhid oldu

İkinci Qarabağ savaşının qəhrəmanlarından biri də, şəhid Elman Əliyevdir. O, 1994-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. Sentyabr ayının 29-u Suqovuşan kəndində şəhid olmuşdur. 

Şəhidin qardaşı Vüsal Day.Az-a qardaşı haqqında danışıb.

Elman haqqında keçmiş zamanda danışmaq mənim üçün ağırdır. Qardaşım dayağım idi. Onun yanında həmişə özümü güclü hiss edirdim. Elman çox vətənpərvər bir insan idi. Uşaqlığından avarçəkmə idmanı ilə məşğul olurdu. Respublika üzrə çoxlu medallar qazanmışdı. İdmanla yanaşı, həm də yaxşı səsi var idi. Yaxşı muğam ifaçısı idi. 

Qardaşım müddətdən artıq hərbi qulluqçu idi. Vəzifəsi PDM (Piyadaların döyüş maşını) ekipajında tuşlayıcı idi.  Elman sonuncu dəfə evlə sentyabrın 28-i əlaqə saxlamışdı. Bu zəng qardaşımın sonuncu zəngi oldu. Döyüşlər başlayandan hamı kimi biz də narahat idik. Neçə dəfə əlaqə yaratmaq istədik, alınmadı. Cəbhə bölgəsinə getdim, maraqlandım, dedilər ki, onlar çox irəli gediblər deyə əlaqə yaratmaq olmur. Qardaşım sentyabrın 29-da şəhid olmuşdur. Lakin biz bundan gec xəbər tutduq.

Suqovuşanda güclü atışma gedirdi. İlk günlər şəhidlərimizi ərazidən çıxartmaq olmurdu. Bizim ümidimiz var idi ki, qardaşım sağdı. Sadəcə əlaqə yaratmaq olmur. Biz Elmanı şəhid olduğu vaxtdan bir neçə gün sonra dəfn etdik. 

Döyüş yoldaşlarının dediklərinə görə gözündə qorxu yox idi. Daima irəli döyüşə can atırdı. Və yoldaşlarını da ruhlandırırdı. Təəssüf ki, belə döyüşlərin birində içərsində olduğu texnikanı düşmən vurur. Və yoldaşlarıyla bir yerdə şəhid olur.

Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mən qardaşımla fəxr edirəm.

Elman nişanlı idi. Çox təəssüf ki, toyunu görmək bizə qismət olmadı.

Qardaşımdan bizə xoş xatirələr qaldı.

Fərid Zöhrabov