Koronavirusa yoluxan hamilələr nə etməlidir?

Dünya ölkələrində koronavirus pandemiyasının geniş yayılması, COVID-19-a yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. 

Azərbaycanda da hər gün yüzlərlə insan bu virusa yoluxur. Təbii ki, bu hal hamilələrdən də yan keçməyib. 

Mama-ginekoloq Ləman Əliyeva oxu.az-a bildirib ki, son zamanlar hamilələrin bu xəstəliyə yoluxmaları ilə bağlı müraciətlər çoxdur:

"Hamiləliyi yeni olanları ilk olaraq maraqlandıran məsələ prosesin sonlandırmaqla bağlı olur. Koronavirus keçirən xəstələrdə hamiləliyi sonlandırmağa heç bir ehtiyac yoxdur. İnsan orqanizmi immunitetindən asılı olaraq hamilələr xəstəliyi yüngül və ya ağır keçirə bilər. Biz hamilələrə əsasən vitaminlər təyin edirik.

Çox hallarda hamilələrə onlara venadaxili infuziya köçürülməsi ilə bağlı yanlış məlumatlar verirlər. Bu xəstəliyin müalicəsində hamilə qadınlara venadaxili infuziya sistem köçürmək olmaz. Hamilələr ancaq vitaminlər və orqanizmin immuniteti qaldıran dərmanlardan istifadə etməlidir. Eyni zamanda, hamilələr virus əleyhinə dərman qəbul etməməlidir".

 

Həkim bildirib ki, xəstəliyin uşağa yan təsiri olmur:

"Bu, qorxulu hal deyil və uşaqda aşkarlanmır. Düzgün müalicə getdikdə, hamilə qadın özünü qoruduqda heç bir fəsad vermir. Uşağa ana südünün verilməsində xəstəlik əks göstəriş deyil. Hamilə qadında yanaşı gedən xəstəlik varsa, həmin şəxslər ciddi nəzarət altında olmalıdır".