Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə verilməsi üçün müraciət ediblər

Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid və qazi ailələrinə verilməsi üçün Prezident İlham Əliyevə müraciət ediblər.

Trend-in məlumatına görə, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident. Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.

Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.

Bu Qələbəyə cəmiyyətmiz Sizin rəhbərliyiniz altında sıx birləşərək nail oldu. Artıq İkinci Qarabağ müharibəsi arxada qalıb. Sizin də qeyd etdiyiniz kimi, qarşımızda daha böyük missiya dayanır. İndi azad olunmuş Qarabağı cənnətə çevirmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, şəhid ailələri və qazilərimizin qayğısına qalmaq, bir sözlə, yaralarımızı sarıyaraq sağalmaq və irəli getmək kimi böyük bir prosesin içindəyik.

Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz son müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.

Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda oluğumuzu bir daha bildirmək istəyirik.

Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.

Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun.

Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də Qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.

Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik".

Müraciəti aşağıdakı şəxslər imzalayıb:

1. Mirşahin Ağayev - REAL TV-nin rəhbəri

2. Qulu Məhərrəmli - BDU-nun professoru

3. Cahangir Məmmədli - BDU-nun professoru

4. Emin Musəvi - "ASAN Radio"nun rəhbəri

5. Vüsalə Abışova - "Azəri-Press" informasiya agentliyinin rəhbəri

6. Arif Əliyev - Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

7. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

8. Yeganə Hacıyeva - bloger

9. Ədalət Verdiyev - bloger

10. Əflatun Amaşov - Mətbuat Şurasının sədri

11. Elbrus Ərud - Qafqazinfo.az saytının rəhbəri

12. Şakir Eminbəyli - "Rossiya-24" telekanalının Azərbaycandakı nümayəndəsi

13. Rüstəm Əliyev - ANTENN Radionun rəhbəri

14. Həmid Həmidov - "Global Media Group"un media direktoru

15. Vüsal Məmmədov - Azvision.az saytının rəhbəri

16. Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

17. Şakir Ağayev - "Novoye vremya" qəzetinin baş redaktoru

18. Elçin Mirzəbəyli - "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru

19. Elçin Alıoğlu - "Milli.az" saytının baş redaktoru

20. Aslan Aslanov - AZƏRTAC-ın İdarə Heyətinin sədri

21. Azər Xəlilov - ATV-nin rəhbəri

22. Bəxtiyar Sadıqov - "Azərbaycan" qəzetinin baş redaktoru

23. Vüqar Xəlilov - CBC TV-nin rəhbəri

24. Radik İsmayılov - ARB24 TV-nin rəhbəri

25. Vüqar Rəhimzadə - "İki sahil" qəzetinin baş redaktoru

26. Bəhruz Quliyev - "Səs" qəzetinin baş redaktoru

27. Hümmət Musayev - "Respublika" qəzetinin baş redaktoru

28. Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

29. Mirhəsən Həsənov - Çernobıl Əlilləri İttifaqının sədri

30. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

31. Füzuli Rzaquliyev- "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri

32. Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri

33. Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri

34. Xədicə Babayeva - "Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri" İctimai Birliyinin sədri

35. Maral Zamanova - "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri

36. Məmmədhəsən Həsənov - "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" İctimai Birliyinin sədri

37. Alman Abbasov - "Məşəl" Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri

38. Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyuşçülər" İctimai Birliyinin sədri