Azərbaycanda bu mütəxəssislərə ciddi ehtiyac var

Rəqəmsal transformasiyanı həyata keçirəcək mütəxəssislərə çox ciddi ehtiyacımız var.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Nizami Gəncəvi İli"nə həsr olunmuş "Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

S.Babayev bildirib ki, bu gün əmək bazarında çətinliklər, çağırışlar çox ciddidir: "Öz sahəsi üzrə işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır. Burada obyektiv səbəblər də var. Bizdə qeyri-formal təhsilin hələlik tam olaraq tanınmaması, distant iş yerində təhsilin tam olaraq tanınmaması da burada rol oynayır, amma ümumi məşğul əhalinin içərisində ixtisaslı işçi qüvvəsinin sayı azdır.

Bu gün özünüməşğulluq proqramı çərçivəsində ölkənin regionlarında heyvandarlıq, bağçılıq, istehsalat, xidmət və digər sahələr üzrə işsiz şəxslərin işə cəlb edilməsi üçün müxtəlif proqramlar elan etmişik. Burada biz gördük ki, yeni biliklərə çox ciddi ehtiyac var. İnanıram ki, qarşıdakı dövrdə bu çağırışlar daha tez həllini tapacaq".