Prezident İlham Əliyevin Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan növbəti Əfv Sərəncamı humanizm prinsiplərinə sadiqliyin növbəti təzahürüdür. Dövlət başçısı Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını daim diqqətdə saxlayır və bu əfv sərəncamı da bu humanizm siyasətinin davamıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu çox böyük bir humanist addımdır və xalqımızın əziz Müstəqillik bayramı ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu.

"Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır və eyni zamanda bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır.

Əfv sərəncamına əsasən, 213 məhkum əfv edilib, onlardan 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3 şəxs şərti məhkum etmədən azad olunub, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub", - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb.

"Bu srəncam bir daha göstərir ki, vətəndaş amili dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər", - deyə deputat əlavə edib.