Laçının bir sıra kəndlərində yaşayan şəxslər bu ərazilərə qanunsuz formada yerləşdirilmişdilər

Azərbaycan həm Vətən müharibəsi zamanı, həm də ondan sonrakı dövrdə daim humanizm prinsiplərinə sadiq olub və beynəlxalq hüquqa hörmətlə yanaşıb.

Bunu açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, son zamanlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmə cəhdləri daha çox vaxt qazanmağa hesablanmış addımlar idi. "Xatırlatmaq istərdim ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında deyilirdi ki, Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalır. Lakin növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu inşa olunmalı idi. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulurdu.
Yəni bəyanatdan anlaşıldığı kimi yeni yol çəkildikdən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin də yeri dəyişdiriləcək. Azərbaycan tərəfi artıq alternativ yolu inşa edib yekunlaşdırıb. Deməli, yerdəyişmənin aparılması üçün artıq heç bir maneə qalmayıb", - S.Mikayılova bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev hər dəfə çıxışlarında, açıqlamalarında qeyd edib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə.

"Laçın rayonunun bir sıra kəndlərində yaşayan şəxslər bu ərazilərə qanunsuz formada yerləşdiriliblər, bu qeyri-qanuni məskunlaşmadı və beynəlxalq normalara ziddir. Onlar Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu ərazilərdən didərgin salınmış azərbaycanlıların evlərində qanunsuz formada yaşayırdılar. Ona görə də onlar bu əraziləri tərk etməlidirlər, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması onların fundamental haqqıdır.

Hazırda Ermənistan sülh prosesinə əngəl olur. Ermənistan tərəfi, xüsusən də Ermənistandakı revanşist qüvvələr regionda sülhün yaranmasına müxtəlif yollarla mane olmağa çalışırlar. Ermənistan dövləti regionda sülh yaratmaq istəyirsə, ilk növbədə revanşist fikirlərdən, təxribatçı açıqlamalardan çəkinməlidir, öz cəmiyyətinə sülh və qonşularla mehriban yaşayışı təbliğ etməlidir", - millət vəkili vurğulayıb.

S.Mikayılova onu da əlavə edib ki, Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində öz gücünü göstərdi:

"İkinci Qarabağ müharibəsindən sonra keçirilən anti-terror əməliyyatları da ordumuzda döyüş hazırlığının ən yüksək səviyyədə saxlanıldığını sübut edir. Ermənistan bundan düzgün nəticə çıxarmalı və Azərbaycanın sülh təkliflərinə sözdə yox, əməldə də müsbət cavab verməlidir", - deyə S.Mikayılova fikrini tamamlayıb.