https://news.day.az/azerinews/1858878.html Yeni tədris ili, yeni qiymətlər: Mənzil bazarında payız canlanması BAŞ VERİR Yeni tədris ilinin başlaması ilə Bakıda daşınmaz əmlak bazarında, xüsusilə kirayə mənzillərə tələbatın artması fonunda canlanma müşahidə olunur. Tələbə və işçi axınının artması, eləcə də payız mövsümünün başlaması kirayə qiymətlərinin yüksəlməsinə, satış bazarında isə aktivliyin artmasına təsir göstərir.

Yeni tədris ili, yeni qiymətlər: Mənzil bazarında payız canlanması BAŞ VERİR

Azərbaycanca, 9 сентября 2026 17:38 (UTC +04:00) 205
Yeni tədris ili, yeni qiymətlər:

Yeni tədris ilinin başlaması ilə Bakıda daşınmaz əmlak bazarında, xüsusilə kirayə mənzillərə tələbatın artması fonunda canlanma müşahidə olunur. Tələbə və işçi axınının artması, eləcə də payız mövsümünün başlaması kirayə qiymətlərinin yüksəlməsinə, satış bazarında isə aktivliyin artmasına təsir göstərir.

Day.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib ki, yeni tədris ilinin başlaması Bakıda əsasən kirayə bazarına təsir göstərir və bu dövrdə bazarda xüsusi canlanma müşahidə olunur.

O, qeyd edib ki, hər il 50 mindən artıq abituriyentin ali məktəblərə qəbul olunmasından sonra onların böyük bir hissəsi təhsilini Bakıda davam etdirmək üçün kirayə mənzil bazarına müraciət edir.

"Əvvəlki illərdən fərqli olaraq, hazırda bir neçə tələbənin birlikdə mənzil kirayələməsi daha çox üstünlük təşkil edir. Əsasən universitetlərə və metro stansiyalarına yaxın, nəqliyyat əlçatanlığı yüksək olan, minimum zəruri avadanlıq və əşyalarla təmin edilmiş mənzillərə tələbat daha çoxdur.

Kirayə qiymətlərinin kifayət qədər yüksək olduğunu nəzərə alsaq, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10-12 faiz bahalaşmanın şahidi olmuşuq. Bu qiymət artımı, eyni zamanda, satış bazarına da müəyyən təsir göstərəcək", - o deyib.

V. Oruc qeyd edib ki, sentyabr və oktyabr ayları ailələrin qurulduğu, yeni təsərrüfatların formalaşdığı dövr olduğundan satış bazarında da müəyyən aktivliyin olacağını proqnozlaşdırmaq mümkündür.

"İlin əvvəlində verdiyimiz proqnozların təsdiqlənməsi ilə yanaşı, ilin son dörd ayında - sentyabr, oktyabr, noyabr və dekabr aylarında - daşınmaz əmlak bazarında gözləniləndən daha yüksək nəticələrin qeydə alınması da mümkündür. Yeni tikililərdə qiymət artımının təxminən 15 faiz, köhnə tikililərdə isə 10-11 faiz civarında olacağı gözlənilir.

Kirayə bazarında artım hazırda da davam edir və bu tendensiyanın sentyabrın 15-dək, hətta 20-dək davam edəcəyi proqnozlaşdırılır. Bu dövrü bazarda müəyyən stabilləşmə mərhələsi kimi də qiymətləndirmək olar. Qiymətlərin əvvəlki səviyyəyə qayıtması, yəni ucuzlaşması gözlənilmir. Əksinə, qarşıdakı dövrdə daşınmaz əmlak qiymətlərində artımın davam edəcəyi ehtimalı daha yüksəkdir", - o bildirib.

Sədr vurğukayıb ki, payız mövsümü ümumilikdə daşınmaz əmlak bazarını canlandıran dövr hesab olunur.

"Bu, həm kirayə, həm də satış seqmentində özünü göstərəcək. Tədris ilinin başlaması, tələbə və işçi axınının artması, yay tətilinin başa çatması və yeni iş müqavilələrinin yaranması kirayə mənzillərə tələbi artırır.

Satış bazarında isə yay aylarında müşahidə olunan nisbi passivliyin payız aylarında aradan qalxması gözlənilir. Payız mövsümünün gəlişi öz-özlüyündə kəskin qiymət artımı yaratmasa da, bazarda aktivliyin yüksəlməsi qiymətlərin artmasına təsir göstərə bilər.

Eyni zamanda, hazırda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən növbəti maliyyələşdirmənin həyata keçirilməsi mənzil bazarında xüsusi canlanma yaradıb. İpoteka və kredit imkanlarına müraciətlərin artması mənzilə olan tələbi yüksəldir ki, bu da öz növbəsində qiymətlərin artımını şərtləndirən əsas amillərdən biridir", - o yekunlaşdırıb. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости