"İranın vəzifəli şəxslərinin Azərbaycanı təhdid etməsi qırmızı xətti keçib"

"Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra münasibətlər həddindən artıq gərginləşdi. Azərbaycan səfirlik əməkdaşlarını təxliyə etdi, artıq bizim onlarla hər hansısa bir diplomatik münasibətimiz qalmadı. Amma hələlik Təbrizdəki baş konsulluğumuz fəaliyyətini davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, son dövrlər İranın bizə qarşı artan təhdidləri, onların ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycanı təhdid etməsi qırmızı xətti keçib: "Azərbaycan müstəqil olduqdan sonra İran daim bizə qarşı kəşfiyyat pozuçuluq işləri aparmış, Azərbaycanı özü kimi islam respublikası etməyə çalışıb, hətta Azərbaycanı İrana birləşdirmək yolunda da addımlara əl atıb. Lakin bütün bunların qarşısı vaxtaşırı alınıb. İran cəsusları həbs edilib və onların Azərbaycanda hansısa aksiya keçirmələrinin qarşısı alınıb.

Biz hər zaman İranla dinc qonşuluq şəraitində yaşamağa çalışmışıq. İran isə fars-molla rejimindən istifadə etməklə özlərinin pozuçuluq işlərini həyata keçiriblər. Biz güman edirik ki, xaricdən idarə olunan fars molla rejimi hakimiyyətdən gedəcək. Düşünürəm ki, bu proseslər yaxın zamanda həyata keçəcək. İran yeni bir dünyəvi dövlət olacaq, Azərbaycanla da sıx qonşuluq şəraitində yaşayacaqlar".